Ölkə futbolu
Klarström: “Qırmızı vərəqə və penalti oyunun dönüş nöqtəsi idi”
İsveç “Elfsborq”unun futbolçusu Andreas Kla…
İsveç “Elfsborq”unun futbolçusu Andreas Klarström Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirilən “İnter”lə oyun haqqında fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan 36 yaşlı yarımmüdafiəçi təmsilçimiz üzərindəki qələbəni (0:1, penaltilər – 3:4) belə şərh edib:
“4-cü dəqiqədəki qırmızı vərəqə və penalti oyunun dönüş nöqtəsi idi. Lakin bu, “İnter” üçün çox arzuolunmaz hadisə idi. Onlar taktikanı dəyişdirməli oldular və müdafiə oyunu oynadılar. Amma onu da qeyd etməliyəm ki, rəqib yaxşı ötürmələr edib, güclü hücumlar da qura bilir”.
O, Bakı klubunun azlıqda qaldıqdan sonra penaltilərə ümid etdiyini deyib: “Xeyr. Biz oynamağa çalışırdıq. Oyun da çox çətin keçirdi. Biz istəyirdik ki, oyun ərzində qol vurub, qalib gələk. Amma görünürdü ki, “İnter” penaltilər seriyası üçün oynayır. Onu da qeyd edim ki, hava da çox isti idi. Belə şəraitdə oynamaq bizim üçün çətindi. Oyun penaltilər seriyası ilə başa çatdı və sevinən tərəf biz olduq. Mərhələ adladığımıza görə, bütün komanda yoldaşlarımızı təbrik edirəm. “İnter”ə də çempionat oyunlarında uğurlar arzulayıram”.