Ölkə futbolu
"Neftçi"dən 3 yerli transferi
Heyətlə bağlı ciddi problemlər yaşayan “Neftçi&rdqu…
Heyətlə bağlı ciddi problemlər yaşayan “Neftçi” qış fasiləsindən sonra daha komplektləşmiş komanda olacaq. Baş məşqçi Arif Əsədov çempionluq yarışından qopmamaq üçün rəhbərlikdən bəzi transferlər istəyib və bunun reallaşmasını gözləyir.
Xüsusilə yerli oyunçu baxımından əziyyət çəkən Əsədov Türkiyə çempionatının aşağı liqasında problem yaşayan həmyerlilərimizə diqqət yetirir. “Bakı”ya məxsus olan, icarə əsasında “Qaziantep BB”də çıxış etmiş Rəhman Hacıyevlə yanaşı, Arif bəy “Neftçi”ylə ilk çempionluğunu qazandığı vaxtdan tanıdığı Cavid İmamverdiyevi də heyətdə görmək istəyir. Yayda “Elazığspor”a göndərilmiş yarımmüdafiəçi Türkiyə klubu ilə problemini həll edə bilsə, “ağ-qaralar”a qoşulacaq.
“Bakı”dan Nurlan Novruzovu transfer etməkdən vaz keçən “Neftçi” hücum xəttinə də əl gəzdirəcək. “Xəzər Lənkəran”ın imtina etdiyi Rauf Əliyev yəqin ki, əzəli rəqibin düşərgəsində peyda olacaq. Artıq futbolçu ilə bütün məsələlərdə razılıq əldə olunub.