Peşəkar Futbol Liqası 18 ilin problemini çözdü. Superkubok matçı nəhayət, baş tutdu. Bu oyunda başqa hanısa komandalar – məsələn, “İnter”lə “Bakı” – qarşılaşsaydı, inanın ki, matç bu qədər intizarla gözlənilməyəcəkdi. Amma qarşılaşmanın “Böyük oyun” olması, daim meydanda və meydandan kənarda barışmaz rəqib olan “Neftçi”ylə “Xəzər Lənkəran” arasında keçirilməsi görüşə rəng qatdı. Mübarizə meydanının Naxçıvanda olması isə digər özəllik idi.

Matça Naxçıvan camaatının vəd olunan marağı göstərməməsi, tribunaların yarıboş qalması belə bayram ab-havasını korlamadı. Baş hakim Rəhim Həsənovun gülünc qərarı da kölgədə qaldı. Doğrusu, bu penalti nə qədər yanlışlıqla təyin olunmuşdusa, bir o qədər ağılla ləğv olundu. Təyin olunan 11 metrlik cərimə zərbəsinin ləğvi hakim imicinə zərər vursa da, yerinə yetirilməsi daha böyük fəsadlara yol aça bilərdi. Yaxşı ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun təşəbbüsü ilə reallaşan 6 hakimli sistemin nəhayət ki, xeyrini gördük.

Düzdü, bu epizod qıcıq doğurdu, əsəblərin tarıma çəkilməsinə səbəb oldu, amma yenə də nəticəyə təsir etmədi. “Xəzər Lənkəran” aşkar üstün olduğu qarşılaşmada qalib gəldi. Bu yenilgi “Neftçi”ni məşqçi məsələsində qərarsızlığa son qoymaq baxımından da ayıltdı. 6 turluq şans verilən, amma 11-ci oyuna çıxan Tərlan Əhmədov haqda qərar verilməsi üçün görünür belə bir məğlubiyyətə ehtiyac var imiş. Halbuki bakılılar komandanın oyun planında gerilədiyini daha öncədən görməliydi.

Meydanın bərbad durumu “Böyük oyun”un gözəlliyinə qismən kölgə salsa da, intriqa, mübarizə ruhu, lənkəranlıların 10 nəfərlə qala-qala qələbə qolunu vurması, məğlubların bunu bəhanəsiz qəbul etməsi işin başqa bi gözəl tərəfi idi. Hətta Mahir Şükürovun həm çempion, həm kubok sahibi olduqları üçün Superkubok görüşünün keçirilməsinə ehtiyac olmaması barədə gecikmiş iradı da ümumi auranı pozmadı. Düzdu, “Neftçi”nin müdafiəçisi vaxtilə “Qarabağ”ın bu yolla titul qazandığını əsas göturur, amma o da unutmasın ki, reqlament indi belədi və onu oyundan öncə də hamı bilirdi.

“Xəzər Lənkəran”ın 10 illik yubileyinə hədiyyə etdiyi bu titul Con Toşakın da ölkəmizdə cığır açmasına şərait yaratdı. Amma uelslinin böyük dəstək verdiyi Junior Nildonun yoxluğunda lənkəranlıların daha məhsuldar oynaması onun kartlarına bir daha baxmasını zəruri edir. Rasim Ramaldanov isə bəlkə də Cənub klubunun onun üçün ödədiyi pulu bir qolla çıxardı. Düzdü, Superkubokda qələbə maddi anlamda lənkəranlılara heç nə vermədi, ancaq çempionatdakı uğursuz çıxışın bəraəti üçün “Neftçi” üzərində qələbə əvəzedilməzdi. Üstəgəl, titul, əzəli rəqibi yenməyin gətirdiyi imic və s…

Ramin Musayev də istədiyinə çatdı. Əzəli rəqiblərin qarşılaşmalarındakı gərginlik son 2 matçda sillə-təpik davasına çevrilmişdi. Amma həm matçdan öncə, həm də superkubok oyunundan sonar komandaların bir araya gətirilməsi soyuq münasibətləri bir qədər isitdi. “Nəqşicahan”dakı romantik şam yeməyi isə ola bilsin sonrakı matçların dostluq ab-havasında keçməsi üçün stimul olacaq. Klub prezidentlərinin Musayevin istəyi ilə bir araya gəlməsi də bu münasibətlərdə böyük rol oynamalıdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp