“Turan Tovuz”un iranlı futbolçusu Araş Qaderinin futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” ilə matçda qələbə qazana bilmədiniz…

– Oyuna yaxşı başlamışdıq və qol da vurduq. Bundan sonra ən yaxşı nəticəni əldə etmək üçün əlimizdən gələni etdik və son ana qədər davam etdik. Yaxşı oyun oldu, amma istədiyimiz nəticəni ala bilmədik. Hər oyun meydançaya 3 xal üçün çıxırıq.

– “Turan Tovuz” Liqaya yaxşı başlamışdı. Amma son 3 oyundur ki, qələbəyə həsrətsiz. Bunun səbəbi nədir?

– Bütün oyunlarda qalib gələcəyimizi gözləmək olmaz. Bizim yaxşı nəticələrimizdən sonra digər komandalar uduzmamaq üçün bütün gücünü ortaya qoyur. Hamı yüksək motivasiya ilə hazırlaşır. Bu da işimizi çətinləşdirir. Amma komandamız bu güc ilə oynamağa davam edəcək. Motivasiyamızı daim yüksəkdə tutacağıq. Maksimum xal toplamaq üçün əlimizdən gələni edəcəyik. Gözləntilərimiz böyükdür və gələcəyə nikbin baxırıq. Komandamızda çoxlu dəyişikliklər olub, buna baxmayaraq, özümüzü sübut edəcəyik.

– Amma ardıcıl xal itkiləri hədəfinizə çatmağa mane ola bilər…

– Biz maksimumu etməyə çalışacağıq. Bunun üçün meydana çıxırıq. Bunun üçün oynayırıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Qarşıdakı matçlarda qələbələr qazana biləcəyik.

– Növbəti turda mövsümün ən yaxşı komandalarından olan “Zirə” ilə qarşılaşacaqsız. Qələbə qazanmaq mümkün olacaq, yoxsa bir xal da yaxşı nəticədir?

– Düşünüb meydana çıxdığımız tək şey 3 xalı əldə etməkdir. Bizim üçün rəqiblərin fərqi yoxdur. Sadəcə, meydana çıxıb öz oyunumuzu göstərməyə və aktivimizə xallar yazmağa çalışırıq.

– “Qarabağ” üzərindəki qələbədən sonra hamı sizə başqa cür baxırdı. Hər kəs “Turan Tovuz”un avrokuboklar zonasında qərarlaşacağını düşünürdü…

– Əlbəttə, “Qarabağ” bu çempionatda başqa komandadır. Onların gücü bəllidir. Amma hər bir rəqibə qarşı şərtlərə görə, uyğun şəkildə oynamaq olar. Biz daha yaxşısını edəcəyimizə inanırıq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp