“Neftçi”də yeni təyinat tezliklə reallaşacaq. Baş məşqçi postunda Tərlan Əhmədovu əvəzləmək üçün namizəd o qədər də çox deyil. Hələlik konkret bir nəfər var ki, yaxın saatlarda çox güman, məhz onun yeni xələf olduğu açıqlanacaq.

Əslində, Nazim Süleymanovu “Neftçi” üçün nə ideal seçim, nə də yanlış namizəd kimi təqdim etmək olmaz. Onun lehinə və əleyhinə bir çox məqamlar var və milli komandada baş məşqçi Berti Foqtsun köməkçisi olan veteran futbolçunun seçimində risk payı daha çoxdu. Ancaq o da var ki, risk etməyən şampan içmir.

Süleymanov məhz “Neftçi”də əsl futbolçu kimi yetişib. Düzdü, flaqmanın ovaxtkı rəhbərliyi ilə problemlər üzündən Rusiyaya demək olar, qaçıb getdi. Ancaq bu, müxtəlif zamanlarda hamının başına gələ biləcək olaydı. Ona görə də keçmişi qurcalamadan Bakı klubunun Arif Əsədov, Tərlan Əhmədov və bir çox sabiqlər kimi keçmiş yetirməsinə tapşırılmasını alqışlamaq lazımdı.

Nazim bəy hələ məşqci kimi özünü sübut etməyib. Onun yığmadakı fəaliyyəti iş xatirinə iş idi. Düzdü, AZAL-da mövcud imkanlarla o, mümkün olanın ən yaxşısınlı etdi, gəl ki, avrokuboklarda zəif “Minsk”i keçə bilməmək passivinə yazıldı. Bununla belə, həmin dövrdə bir neçə daha güclü komandanı qabaqlayıb avrokuboklara vəsiqə qazanmaq da sıradan iş deyildi.

Məşqçi kimi sirli qutu olsa da, imkanları bəlli olan kluba, iddiası danılmayan komandaya gedir. Mahir Şükürov, Rəşad Sadiqov kimi liderlərlə, Flavinyo kimi özünü sübut etmiş legionerlə çalışmaq sizə asan gəlməsin. Onu da unutmayaq ki, “Neftçi”də bəzən məşqçini futbolçunun ayağına verməyi özünə rəva görən rəhbərlik var. Ona görə də paytaxt klubuna getmək heç də həmişə arzulanan missiya deyil. Arif Əsədov, Tərlan Əhmədov kimi veteranların bir andaca kəsilib atıldığı komandada yalnız Böyükağa Hacıyev kimi rəhbərliyə yaxın adamlar baş çıxara bilib.

İstənilən halda Nazim bəy bu təyinatla uduzmayacaq. Onun burada nə qədər davam gətirəcəyindən asılı olmayaraq, əmək kitabçasına ən titullu klubumuzun adı yazılacaq ki, bu da onun gələcək karyerası baxımından önəmlidi.

Nazim bəy üçün ən böyük problem ardıcıl 3 dəfə çempion olmuş komandaya gəlməsidi. İndi hətta ikincilik belə onun üçün uğursuzluq sayılacaq. Axı, ölkədə bəlkə də ən güclü heyət də onun sərəncamındadı. Bura “Neftçi”nin hazırda zirvəyə şərik olması faktını da əlavə etsək, Süleymanovun hansı təzyiq altında çalışacağı aydınlaşar. Düzdü, rəhbərlik bu işdə təcrübəlidi, onlar bəzən çətin anda bəzi oyunların taleyinə özləri də təsir edəcək. Ancaq Böyükağa Hacıyevin vaxtında Avropa Liqasının qrup mərhələsinə yüksəlmək faktı vəziyyəti dəyişir. Süleymanov bu uğuru ən azı təkrarlamaq üçün məhz məşqçi bacarığını işə salmalıdı.

Nazim bəy “Xəzər Lənkəran”la gərgin münasibətlərin yumşaldılmasında da rol oynaya bilər. Axı, o, Cənub klubunun bərpasından sonra ilk baş məşqçisi olub və əslən bu bölgədən olması faktı da var. Futbolçu kimi yaxşı karyeraya malik olması üzündən də Nazim bəy sevilən simadı. Ona görə də Süleymanov amili “Böyük oyun”larda qəzəbin üstünə su səpə bilər.

İstənilən halda bizə uğur arzulamaq qalır. Xeyirli olsun. Ümid edirik ki, bu seçimdən heç kim uduzmayacaq. Baxmayaraq ki, şəxsən məndə bəzi şübhələr var…

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp