Sabah Azərbaycan kubokunda 2014/15 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq. 
 
Yubiley mövsümü “Ağsu” ilə görüşlə başlayacaq. 1-ci divizion təmsilçisi indiyədək “qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi “Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək.
 
Bu oyun Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də “Qəbələ”ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq.
 
“Ağsu” ilə oyun “Qəbələ”nin kubokda yubiley – 40-cı oyunu olacaq. Penaltilər seriyası nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan “qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11 mövsümünün 2011-ci il martın 8-də keçirilən “Bakı” ilə 1/4 finalın səfər matçından (0:1) sonra “Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir. Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.
 
(klub saytı)
Shares: