“Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynovun futbolinfo.az-a müsahibəsi:
– “Xəzər Lənkəran”la oyunda 1:0 hesablı qələbə qazansanız da, yaxşı oyun göstərə bilmədiz…
– Razıyam ki, yaxşı oynamadıq. Amma 3 xalı qazandıq. Qarşıdakı matçlarda belə çıxış etməməliyik. Xüsusən də, “Qarabağ”la oyunda özümüzü daha yaxşı göstərmək məcburiyyətindəyik. Lənkəran səfəri həmişə çətin olur. Belə oyundan 3 xalla dönmək yaxşı haldı.
– Bundan öncə 3:1 hesabı ilə məğlub etdiyini “Neftçi” daha çətin komanda idi. Amma siz cənub klubu ilə oyundan daha çox əziyyət çəkdiniz. Ola bilərmi ki, 7 qələbə artıq bəzi futbolçularda arxayınlıq yaradıb?
– Yox, bu, qətiyyən mümkün deyil. Bizim elə məşqçimiz var ki, hər oyundan-oyuna “artırmağımızı” istəyir. Sadəcə, oyunlara köklənmək məsələsi var. Bəlkə, havanın günəşli olması, yaxud ot örtüyünün quru olması yaxşı oyunumuza mane oldu. “Qəbələ”də otu çox sulayırlar deyə sürətli oynamaq olur. Amma burda onu etmirlər. 
– “Xəzər Lənkəran” hakimlikdən şikayətləndi…
– Hakimlik haqqında geniş danışmayacam. Lakin epizodlara baxsanız, görərsiniz ki, rəqib dəfələrlə Viktor Mendini arxadan vurdu. İstər Rasim Ramaldanov, istərsə də, Elvin Mirzəyev eyni hərəkəti neçə dəfə təkrarladılar. Sarı vərəqələri haqlı sayıram. 
– Qırmızı vərəqə haqqında nə deyə bilərsiz? 
– Fikrimcə, hər iki sarı vərəqə haqlı qərar idi. Ona görə də Elvin meydandan qovuldu.  Rəqibin də hakimlikdən narazı olmasına bir şey deyə bilmərəm. Şikayət üçün lazımı qurumlar var. 
– Rəqibiniz gənclərlə necə oynadı? 
– Bizə çox başağrı verdilər. Burda istəkli komanda var. Oyunun sonlarına yaxın, ümumiyyətlə, təzyiqi artırdılar. Baxmayaraq ki, 10 nəfər qalmışdılar. Qorxurduq ki, son dəqiqələrdə hesab bərabərləşə bilər. Sevinirəm ki, sonluq yaxşı qurtardı. 
– Düşünürmüsüz ki, Cavid Hüseynov karyerasının ən yaxşı dövrlərini keçirir. Bu, baş məşqçiniz Roman Qriqorçukun sayəsindədi, yoxsa necə?
– Əlbəttə ki, baş məşqçimizin də köməyi var. O mənə həm meydanda, həm də meydandan kənarda kömək olur. Özümün də bir balaca istedadım var. Bütün bunlar birləşəndə daha yaxşı oynamaq mümkündü. Ümid edirəm ki, daha da “artıracam”.
– Növbəti turda sizi “Qarabağ”a qarşıçox çətin qarşılaşma gözləyir. Bu oyuna hazırsız?
– Dediyiniz kimi çox çətin olacaq. Doğma meydanda oynayacağıq və ümid edirəm ki, ordan da qalibiyyətlə ayrıla biləcəyik. Belə rəqiblə qarşılaşmada 3 xal vacibdi.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp