Topaz Premyer Liqasının cari mövsümündə 7 tur artıq arxada qalıb. Keçirilən oyunlara nəzərən bəzi məqamlar ortaya çıxır, rekordlar yenilənir, güclülər və zəiflər ortaya çıxır, sürprizlər qeydə alınır. Bununla bağlı isə sizə mütəmadi olaraq, məlumat veririk. Bu dəfə bu və ya digər səbəbdən mövsümü qara gələn tanınmış oyunçularımızdan danışacağıq.
Ruslan Əmircanov
Azərbaycanın ən sabit oyunçularından olan Ruslan Əmircanov ötən mövsümü boşa verdikdən sonra yayda hazırlıq prosesinə qatıldı. Amma uzunmüddətli zədənin təsirindən ayıla bilməyən cinah müdafiəçisi “Qəbələ”dən ayrılmalı oldu. Şimal təmsilçisini tərk edib, vaxtilə uğurlar qazandığı “İnter”ə qayıdan Əmircanovu hələ ki, “gördüm” deyən yoxdur. Onun yaxın  vaxtlarda yaşıl meydançalara dönəcəyi deyilsə də, prosesin qış fasiləsinə qədər uzanacağı da istisna deyil.
Rauf Əliyev 
Vaxtilə Azərbaycanın 1 nömrəli hücumçusu sayılan və bunu öz oyunu ilə sübut edən Rauf Əliyevin də işləri yolunda getmir. “Qarabağ”dan ayrıldıqdan sonra klubları əlcək kimi dəyişən Rauf sanki özünə bənzəmir. Bir az “İnter”də özünə gəlməyə başlamışdı ki, zədə başının üstünü kəsdirdi. Son məlumata görə, Rauf Əliyev mövsümün sonuna qədər istirahət etməlidir.
Namiq Ələsgərov
Mütəxəssislər onun barəsində danışan zaman hər dəfə yüksək fikirlər söyləyiblər. Ölkənin ən adlı-sanlı məşqçiləri, eləcə də gəlmələr Namiqin böyük potensiala malik olduğunu bildirir, onun düzgün qurulan iş sayəsində çox irəli gedəcəyini düşünürdülər. Amma indi reallıq tam başqadır. Məsələ belədir ki, zədə oyunçunu çox geri atıb. Dəfələrlə əməliyyat olunan “Qarabağ”lıya  yaşıl meydançalara qayıtmaq üçün 1 aya yaxın vaxt, əvvəlki Namiq olmaq üçün isə güclü xarakter lazımdır.
Vüqar Nadirov 
“Qarabağ”ın təklif etdiyi məbləğə razılaşmayıb,  “Xəzər Lənkəran”la elə “Qarabağ”ın təklif etdiyi pula anlaşan, lakin məlum transfer qadağasından sonra “Qəbələ”yə üz tutan Vüqar hələ ki,  yaşıl meydança üzü görməyib. Vaxtilə “Qarabağ”ın və əsas milli komandanın aparıcı oyunçusu sayılan Nadirova “Qəbələ”nin heç ilk “onsəkkizliy”ində də yer yoxdur. Bu isə kifayət qədər düşündürücü məqamdır. Əslində, Vüqarın “İnter”ə gedib daha çox oynamaq şansı vardı. Avropa Liqası,  infrastruktur və digər məsələləri üstün tutub “Qəbələ”ni seçən yarımmüdafiəçi indi sözün əsl mənasında peşmandır. 
Namiq Yusifov
Uzun müddətdir ki, “Qarabağ”ın heyətində çıxış edən Namiq Yusifov son vaxtlar kölgəyə çəkilib. Qurban Qurbanov heyətdə saxladığı oyunçunu nə avrokubok oyunlarında, nə də çempionat matçlarında meydançaya buraxır. Bunu isə “Qarabağ”ın heyətindəki güclü rəqabətlə əlaqələndirmək lazımdır.
Fərid Quliyev 
Fərid Quliyev “Neftçi”də çıxış edəndə baş məşqçi Böyükağa Hacıyevə yaxınlaşır və deyir: “Müəllim, mən yenə oynamaq və bombardir olmaq istəmirəm. “Zəif” ləqəbli məşqçi isə ona cavab verir ki, “həyatda təsadüflər olur və o  da bir təsadüf idi”.
Quliyev “Rəvan”da oynamaq və bombardirliyinin təsadüfi olmadığını sübut etmək üçün şans qazansa da, bundan yararlana bilmədi. Emin Quliyevin gözündən düşən millimizin sabiq üzvü gününü əvəzedicilərin çempionatında keçirir.
Vadim Abdullayev 
“Bakı”dakı oyunundan sonra “Simurq”a üz tutan və sərgilədiyi çıxışla adından söz etdirməyi bacaran Vadim Abdullayevin indi hansı klubda olduğunu soruşsaq, bəlkə də bilməyəcəksiniz. Xatırladaq ki, Vadim hazırda “Qəbələ”nin uğurları üçün çalışır.. Daha doğrusu çalışmaq istəyir. Amma hələ ki,  buna nail ola bilmir. Ümid edirik ki, Azərbaycan futboluna istedadlar bəxş edən “Qəbələ” bu istedadın artırmasına da şərait yaradacaq. 
Nicat Qurbanov, Mirkamil Haşımlı
Perspektivinə böyük ümidlər bəslənilən, “Fənərbaxça”dan gətirilən Mirkamil Haşımlı “Neftçi”dən ayrılıb, “Zirə”yə oynamaq məqsədi ilə getsə də, hələ bu istəyinə çata bilmir. İstedadlı yarımmüdafiəçi 7 turdur məğlubiyyət görməyən “Zirə”də özünə yer tapmır. Eyni marşrut üzrə hərəkət edən Nicat Qurbanovun da durumu eynidir. Ona özünü göstərməyə zədə imkan vermir.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp