Son günlərin ən gündəmdə olan klubu “Rəvan”la bağlı söz-söhbət səngimir. Paytaxtda baş verən qanunsuzluqları işıqlandırmağımız oxucumuz olan bəzi valideynlərin də diqqətini çəkib. Bu gün övladına problem yaranmasından çəkindiyi üçün adını açıqlamayan bir valideynin redaksiyamıza zəngi də buna sübutdu.
Futbolinfo.az saytına üz tutan şikayətçinin dediyinə görə Bakı klubunun akademiyasının rəhbəri olan Bəhmən Həsənov onlardan əsassız yerə pul tələb edir. Qanuna görə, klub valideyndən pul istəyə bilməz. Belə ki, kluba yetişdirdiyi hər hansı futbolçuya görə yalnız üz tutduğu komanda kompensasiya ödəməlidi. Amma Həsənovun öz qaydaları, öz qanunları var.
Əvvəlki sənəti meyvə-tərəvəz satmaq olan, kimlərinsə dəstəyi ilə gəlib, futbol təsərrüfatına düşən Bəhmən bəy indi də klub ofisinin qarşısında özü üçün bazar açıb. Hər gün burada qırğın gedir, övladına azad agent status almaq istəyən valideynlər min cür əngəllə rastlaşır. Həsənovsa gələnlərin geyim-keçiminə baxaraq qiymət oxuyur. O, valideynlərin özündən müəyyən məbləğ istəyir ki, uşaqların sənədlərini versin. Qalanı futbolçuların gedəcəyi klubun problemidi. Onlar da klubun hesabına hansısa kompensasiya məbləğini köçürməlidi.
Futbolçulara görə gedəcəyi klubdan ödənilən kompensasiya köçürmə yolu ilə edilir və “Rəvan”ın hesabına yatırılır. Bəhmən bəyin qılıqladığı, bezdirib məcbur etdiyi valideynlərin əlbəəl verdiyi pullar isə onun şəxsi büdcəsini zənginləşdirir. Təbii ki, bu məsələnin səs-sorağı “yuxarılar”ın da qulağına çatır. Belədə Həsənov klub rəhbərliyinə – Samir Məliksoya, İlqar Axundova, Bəhruz Şirəliyevə, Füzuli Əliyevə “görüm-baxım” edir ki, onun “biznes”inə toxunmasınlar.
P.S.: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp