2002-ci ilin 7 sentyabrı yəqin ki, millimizin əksər stajlı futbol azarkeşlərinin yadındadı. Həmin gün yığmamız Avropa Çempionatının seçmə oyunları çərçivəsində nəhəng İtaliya millisi ilə qarşılaşırdı. Görüş Tərlan Əhmədovun avtoqolu və Alessandro Del Pyeronun fərqlənməsi sayəsində rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. 30 mindən çox azarkeşin izlədiyi görüşdə komandamız meydanda sərgilədiyi oyunla ən xoş sözlərə layiq idi. Ozamankı imkanları və rəqibin gücünü nəzərə alsaq, komandamız bacardığının ən yaxşısını etmişdi. Təbii ki, sonda səviyyə fərqi özünü göstərmişdi. Hətta qarşılaşmadan sonra rəqib komandanın çalışdırıcısı Covanni Trappatoni başda olmaqla “Skuadra Adzurra”nın əksər futbolçuları da yığmamızdan belə parlaq oyun gözləmədiklərini etiraf etmişdi. 
13 ildən sonra bu matçı xatırlamağımız əbəs yerə deyil. Belə ki, 2 gündən sonra komandamız yenə qitə kubokunun təsnifat mərhələsi çərçivəsində italyanlarla qarşılaşacaq. Maraqlıdı, 13 il öncə həmin görüşdə iştirak edən futbolçular sözügedən qarşılaşmanı necə xatırlayırlar?
İlk olaraq, italyanlarla oyunda komandamızda ən diqqətçəkən futbolçu olan Samir Əliyev idi. Hücumçu həmin qarşılaşmada etdiyi sürətli reydləri ilə bəzən rəqibin 2-3 futbolçusunu arxada qoyurdu. Görəsən, hazırda “Neftçi”nin baş məşqçisi olan Əliyev həmin görüşü necə xatırlayır? Ona görə də matçla 13 il əvvəlki matçla bağlı Samir bəyin fikirlərini öyrəndik: “Həmin matçda məğlub olsaq da, yaxşı oyun nümayiş etdirmişdik, azarkeşlər də çıxışımızdan razı idi. Komanda şəklində əla oynamışdıq. Sadəcə, səhvlərimizdən məğlub olduq. Həm də ki, o zamankı İtaliya indikindən daha güclü idi. Rəqibin heyətində ulduz futbolçular çox idi. Həmin vaxtdan indiyə yalnız Rəşad Sadıqov qalıb. Bu görüşdə xal qazanmağmıza əsas mane olan səbəb səviyyə fərqi idi. Qarşımızda daha güclü İtaliya yığması var idi. Hansı ki, sonradan Dünya çempionu oldular. Matça maraq çox böyük idi, indiki ölkə başçısı İlham Əliyev də qarşılaşmanı stadiondan izləyirdi. Matçdan sonra formamı Fabio Kannavaro ilə dəyişmişdim. Düzü mən forma dəyişməyə utanırdım. Həmin vaxt futbolkanı Kamran adlı, administratora verdim, Kannavaro ilə o, gedib dəyişdi. Həmin dövrlərdə Ukrayna çempionatında çıxış edirdim deyə yaxşı formada idim. Qarşıdakı oyunda da millimizə uğurlar arzu edirəm. Ən azı azarkeşləri stadiondan gözəl oyunla yola salmaq lazımdı. Komandamızın 4 oyunluq məğlubiyyətsizlik seriyasının davam etməsini istərdim. Çox yəqin ki, görüşü stadiondan izləyəcəm”.
Yəqin ki, Tərlan Əhmədovun adı çəkiləndə əksər azarkeşlərin ağlına gələn ilk məqam məhz həmin qarşılaşmada vurduğu avtoqoldu. 13 il keçməsinə baxmayaraq, Tərlan bəy bir çoxları tərəfindən hələ də həmin qolla xatırlanır. Əhmədovun xatirələri isə belədi: “Yaxşı yadımdadı, 2002-ci il sentyabrın 7-i və seçmə mərhələdə ilk qarşılaşmamız idi. Oyuna çox böyük motivasiya ilə hazırlaşmışdıq. Həmin ərəfələrdə də futbolumuzda çəkişmələr var idi. Bir çox problemlərimiz olsa da, görüşə yüksək səviyyədə hazırlaşmağa çalışırdıq. Qarşılaşmanın gedişatında da rəqibdən çəkinmədiyimiz hiss olunurdu. Görüşdən öncə də futbolçularla sözləşmişdik ki, əlimizdən gələnin ən yaxşısını edək. Matçın gedişatında qol imkanlarımız da çox oldu, səhvlər də etdik, avtoqol da buraxdıq. İnanıram ki, həmin xətalar bu dəfə təkrar olunmaz və daha yaxşı nəticə əldə olunar. Emin Ağayevin böyük səhvi nəticəsində ilk qolu buraxdıq. Halbuki matçdan öncə danışmışdıq ki, müdafiədə imkan olsa, topu ayağa oynaycağıq, olmasa da qabağa vuracağıq. Ağayev həmin epizodda hansısa dünya səviyyəli oyunçunun ayaqları arasından topu keçirməkdənsə, irəli vurmalı idi. İllər keçsə də, həmin oyunda vurduğum avtoqol hələ də xatırlanır. Demək mən varam ki, o qol hələ də yaddan çıxmır. Mənim adım həmişə yüksəkdə olub ki, o qol unudulmur. Bəzilərinin adı heç vurduğu qollarda da çəkilmir. Böyük şəxsiyyətəm, ona görə xatırlanıram. Hazırda İtaliya millisində Del Pyero, Tomazzi, Qattuzo, Kannavaro, Nesta, Vieri, İnzaqi kimi futbolçular olmasa da indiki heyətdəki gənc futbolçularla komanda gələcəyini qurur. Həmin dövrdən  bəri rəqibin heyətində Buffon və 2-ci hissənin gedişində də İnzaqinin yerinə meydana çıxmış Pirlo qalıb. Bu, həm də Pirlonun İtaliya yığmasında debüt oyunu idi. Düzü, bizim heyət də zəif deyildi.  Sonrada bu komanda ilə biz Serbiya və Çernoqoriya qarşısında böyük uğura imza atmışdıq. Əvvəlki ilə indiki şərait arasında da çox fərqlər var. Bu qədər yaradılan imkanlardan sonra millimizdən yaxşı oyun gözləyirəm. Mən indiyədək heç bir oyunda rəqib futbolçu ilə forma dəyişməmişəm. Millidə meydana çıxdığım formaların hamısını evdə saxlayıram. İtaliya oyunda geyindiyim forma da hazırda evdədi. Belə deyək, avtoqol vurduğum forma da yadigar kimi qalıb (gülür). Sonda milli komandamıza uğurlar arzu edirəm. Allah onlara güc versin ki, bizi sevindirə bilsinlər.  
İtalyanlarla oyunda meydanda ən çox işləyənlərdən biri də Kamal Quliyev idi. O zamanlar Samir Əliyevlə birlikdə Ukraynanın “Volın” klubunda çıxış edən sağ cinah müdafiəçisi 90 dəqiqə meydanda tər tökmüşdü. “Neftçala”nın baş məşqçisi matçla bağlı fikirlərini saytımızla bölüşüb: “Bu cür komandalara qarşı meydançada əzmkar oyun nümayiş etdirib, vuruşmaq lazımdı. Fikrimcə, dünya futbolunda cırlaşma gedir. İstər milli, istərsə də klublarda bu belədi. İndiki İtaliya, Portuqaliya əvvəlki kimi deyil, fərq var. Məsələn, əvvələr İtaliya meydanda az səhv edərdi, bu da çox təhlükəli olmazdı. Amma indiki İtaliya ciddi səhv edə bilər. Oyunlar əvvələr daha maraqlı və gərgin keçirdi. “Rubin” səfərdə “Barselona”nı məğlub edə bilirsə, demək ki, məğlubedilməz komanda yoxdu. Futbolda hər şey mümkündü. Sadəcə, mübarizə aparıb, meydanda can qoymaq lazımdı. Hər görüşdə ələ düşən yeganə qol vəziyyətindən yararlanmaq lazımdı. O ki, qaldı 2002-ci ildəki matça, həmin oyuna heç də pis başlamamışdıq. Qarşılaşma anbaan yadımdadı. Həmin gün azarkeş dəstəyi möhtəşəm idi. Emin Ağayevin Tomazzinin ayaqları arasından topu atmaq cəhdi matçı bizim üçün heç etdi. Bu cür komanda ilə belə səhvlər edilməməlidi. Meydanda var gücümüzü qoyduq. Budan artıq əlimizdən heç nə gəlmirdi. Qalib gələ bilməsək də, stadiona gələn 30 min azarkeşin sevgisini qazana bildik. Sağ olsun fanatlar, onlar hətta bizi final fitindən sonra da dəstəklədi. Millidə ilk dəfə 1999-cu ildə Portuqaliya ilə oyundan sonra Luiş Fiqo ilə formamı dəyişmişəm. Çünki hər ikimiz 7 nömrə altında çıxış edirdik. Ondan sonra 6 nömrəli formanı geydim deyə, rəqib komandaların da heyətində bu nömrə altında çıxış edən futbolçularla formamı dəyişirdim. Həmin gün Filippo İnzaqiyə qarşı çıxış etsəm də, Alessandro Nesta 6 nömrəli formanı geyinmişdi. O mayka indi də evdədi. “Neftçala”nın oyunları ilə əlaqədar olaraq, Bakıya gəlməyə çox vaxtım olmur. Əgər AFFA bilet versəydi böyük məmnuniyyətlə italyanlarla oyuna gedərdim. 
13 il öncə italyanlarla oyunda meydana çıxan futbolçulardan yalnız biri – hazırda millimizin və “Qarabağ”ın kapitanı olan Rəşad Sadıqov karyerasını davam etdirir. 33 yaşlı müdafiəçi 13 il sonra Bakıda yenidən Buffon və Pirloya qarşı forma geyinmək şansı qazanıb. 2002-ci ildə apenninlilərə qarşı forma geyinən futbolçuların qalanları isə karyerasını bitirib və əksəriyyəti məşqçi işləyir. Sizə həmin oyunda forma geyinən futbolçularmızın siyahsını və hazırda nə işlə məşğul olduğunu təqdim edirik:
1. Dmitri Kramarenko – “Neftçi”də qapıçılarla işləyən məşqçi
2. Emin Ağayev – Rusiyanın “Volqa” (Tver) komandasının baş məşqçisi
3. Aslan Kərimov – AFFA-nın məşqçi kurslarında işləyir
4. Tərlan Əhmədov – AZAL futbol klubunun baş məşqçisi
5. Emin Quliyev –  “Rəvan” klubunun baş məşqçisi
6. Kamal Quliyev –  “Neftçala” klubunun baş məşqçisi 
7. Mahmud Qurbanov – Əsas millidə köməkçi məşqçi
 8. Emin İmaməliyev – “Qəbələ” akademiyasında məşqçi
13. Qurban Qurbanov – “Qarabağ”ın baş məşqçisi
14. Rəşad Sadıqov –  Karyerasını “Qarabağ”da davam etdirir
17. Samir Əliyev –  “Neftçi”nin baş məşqçisi
16. Fərrux İsmayılov – “Bakı”nın akademiyasında məşqçi
20. Ruslan Musayev – Hazırda nə işlə məşğul olduğu məlum deyil
21. Nadir Nəbiyev –  “Turan Tovuz”un icraçı direktoru
Baş məşqçi: Vaqif Sadıqov – AFFA Məşqçilər Komitəsinin sədri
ELMAR ABDULLA-ZADƏ
 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp