İstefası bu gün qəbul olunan “Sumqayıt”ın baş məşqçisini əvəz edəcək şəxsin adı rəsmən bəlli olub. Belə ki, “kimyaçılar”ı bundan sonra Samir Abasov çalışdıracaq. O, daha öncə sözügedən komandanın əvəzedici heyətinə rəhbərlik edirdi. Təyinatından sonra Abasov futbolinfo.az saytına müsahibə verib:
– Yeni komandanıza təyinatla bağlı ilkin təəssüratlarınızı bilmək maraqlı olardı…
– Düzü, təyinatımın təsdiqi bir neçə saat öncə rəsmiləşib. Klub rəhbəri Kamran Quliyevlə  “Azərkimya”nın prezidenti Muxtar Babayev məsləhətləşib qərar veriblər. Açığı mənə hələ jurnalist zəng edəndə nə deyəcəyimi düşünürdüm. Ona görə də mənim üçün nə isə demək çətindi. Sumqayıt futbol ictimaiyyətinə təşəkkür edirəm. Sağ olsun “Sumqayıt” klubu futbolçu karyeramı başa vurduqdan sonra mənə qayğı göstərir, inanırlar. Mənə isə özümü doğrultmaq qalır. 1 il yarım əvəzedici komandanın baş məşqçisi olmuşam. Yəni bu vəzifə mənə yad deyil. Düzdü, başa düşürəm Premyer Liqa ab-havası başqadı. Baxmayaraq ki, futbolçuların çoxu ilə bir yerdə futbol da oynamışam. Amma ilk vaxtlarda çətin olacağını bilirəm. Siz Samiri tanıyırsınız. Məncə, bunun da öhdəsindən gələrəm. 
– Maraqlıdı, “Sumqayıt”da gələcəkdə nə kimi dəyişikliklər olacaq? Bunu artıq müəyyənləşdirmisiz?
– Komandanın vəziyyətindən xəbərdaram, bütün oyunların da baxmışam. İndidən nəsə vəd versəm, düzgün sayılmaz. Amma müəyyən dəyişikliklərin olacağına inanıram. Hamının öz yolu var. Kim məşqçi olsa, qaydalarını qoyacaq. Bunun yaxşı və ya pis olacağını zaman göstərəcək. 
– Sizdən əvvəlki baş məşqçi Aqil Məmmədov komandada legioner futbolçunun olmamağından şikayətlənirdi. Bəs siz “Sumqayıt”da əcnəbi futbolçuya ehtiyac duyacaqsınızmı?
– Mənə elə gəlir ki, bu sualı vermək hələ tezdi. Çünki komanda ilə hələ məşqlərə də başlamamışam. Gərək əvvəlcə komandanın içində nə var, nə yox ona baxım. Bəlkə, heyətdə elə futbolçular var ki, potensialları açılacaq. Bunları gördükdən sonra bəlkə, mən Aqil Məmmədovun istədiyindən də çox legioner futbolçu tələb edəcəm. Bunları bilmək üçün bir az vaxt lazımdı. 
– İşinizə nə vaxtdan başlayacaqsınız?
– Bu gün saat 18:30-da ilk məşqimiz olacaq. 
– Premyer Liqada komanda çalışdırmaq üçün sizin A kateqoriyanız yoxdu. Bu məsələ necə olacaq?
– Artıq adım kurslara yazılıb. Gələn kateqoriya kurslarında iştirak edəcəm. Yəqin texniki zonada oturmağıma problem yaradılmaz. Lisenziyası olmayan məşqçilərin texniki zonada oturması digər klublarda da olub. Fikrimcə, milliyə də az-çox xeyir vermiş futbolçu kimi AFFA-dan mənə də güzəşt edərlər. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp