AFFA-nın baş katibi Elxan Məmmədovun futbolinfo.az saytına müsahibəsi:
 
– Foqtssuz tsikli necə dəyərləndirirsiniz?
– Prosineçkili 5 oyunun ilk 4-də məğlub olmamağımızı uğurlu nəticə hesab edirəm. Əlbəttə, italyanlarla oyunda da xal qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Hər halda dördqat dünya çempionlarına qarşı oynayırdıq. Bunu bəraət kimi demirəm. Sadəcə, hesabı bərabərləşdirə bilsək də, ustalıq səviyyəsi sonda sözünü dedi. Tarix bunu qəbul etmir ki, hansısa sıralamanı saymayasan. Ancaq ilk 4 oyunu götürməsək, növbəti görüşlərimizin nəticələrini məqbul saymaq olar. Tsikli uğurla başa vurmaq istəyirik və Bolqarıstana qələbə arxasınca gedirik.
 
– 4 oyunun nəticəsini müsbət qiymətləndirdiniz. Bura Maltadakı heç-heçəni daxil edirsiniz?
– Nəzərə alsaq ki, 3 gün ərzində iki oyun keçirdik və bunlardan birincisi Xorvatiya kimi rəqibə qarşı idi, Malta səfərini də müsbət qiymətləndirirəm. Üstəlik hesabda da geri düşmüşdük.
 
– Xorvatiya ilə heç-heçədən sonra xorvatlar baş məşqçilərinə qapını göstərdi. Razılaşın ki, bir oyuna görə məşqçini qovmazlar…
– Bununla da əvəz-əvəz oldu. Biz Xorvatiyada 0:6 məğlub olduqdan sonra baş məşqçimizlə vidalaşdıq, onlar da Bakıdakı bərabərlikdən sonra. Ancaq onlar sırf Bakıdakı heç-heçədən sonra deyil, Norveçə məğlubiyyətdən sonra Niko Kovaçla vidalaşdı.
 
– Ancaq ilk siqnal məhz millimizlə heç-heçədən sonra gəldi.
– Düşünürəm ki, xorvatlar məhz Azərbaycanla heç-heçədən sonra 6 ay ərzində bir komandanın necə inkişaf etdiyini və digərinin necə gerilədiyinin şahidi oldular. Oyundan sonra Şukerlə bu mövzuda söhbətim oldu. O, İcraiyyə Komitəsinin müvafiq qərar verəcəyini bildirdi. Heç kimə sirr deyil ki, Xorvatiyanın əla heyəti var. Ancaq onlar 1-ci pillə uğrunda mübarizə aparırdılarsa, bu gün vəziyyət dəyişib.
 
– Mancukiçin epizodlarını xatırlayırsınız? Üç dəfə Kamrana 3-4 metrlikdən zərbə vurmaq əvəzinə, ötürmə etdiyi anları deyirəm.
– Düşünürəm ki, burda rəqibi qiymətləndirməmə həlledici rol oynadı. Çünki 6 ay öncə eyni komandanı 6 dəfə məyus etmisənsə, arxayınlaşırsan. İlk yarıda etinasız münasibət bəsləyərək, düşünürdülər ki, fasilədən sonra qol vurarıq. Ancaq vaxt ötür, hesab dəyişmirdi. Yadınızdadırsa, son 15 dəqiqədə təzyiqi artırdılar. Başa düşdülər ki, 2 xal itirirlər. Açığı, Kovaç ulduz futbolçularını dəyişməyə başlayanda çox təəccübləndik. Artıq o, anlamışdı ki, millimizi ciddiyə almamağın acısını çəkirlər.
 
– Topaz Premyer Liqasının səviyyəsi necə, sizi qane edir?
– Hesab edirəm ki, çempionat yaxşı başlayıb. Təbii ki, çempionatımızda legionerlərin sayının azalması federasiya rəsmisi kimi məni sevindirir. Birinci diviziondan gələn "Zirə" və "Kəpəz"in sərgilədiyi futbol məni çox sevindirir. Elə Zirəni də region adlandırmaq olar. "Kəpəz" isə regionlarımızın mərkəzi hesab edilir. Cəmi 2-3 ev oyunundan sonra ölkə çempionatları tarixində rekord azarkeş sayına imza atmaları da xüsusi vurğulanmalıdı.
 
– Ölkə futboluna yatırılan pullar azalmaqla keyfiyyətin artmasını nəylə izah etmək olar?
– Pul xilas etmir, pul vasitədi, köməkdi. Maliyyə inkişaf üçün həlledici faktor deyil. Cari çempionat bunun əyani sübutudu. Maliyyə futbolumuzdakı bu nəticələri əldə etməkdə yardımçı olub, ancaq heç cür xilaskar olmayıb. Avropa Liqasının qrup mərhələsində 2 klubumuz – "Qarabağ" və "Qəbələ"nin mübarizə aparması olduqca xoşdu. Ağdamlılar bu uğura mərhələ-mərhələ, addım adıım, zəhmət çəkə-çəkə nail olublar. Artıq bu komandanın sabit çıxış etməsini qabartmalıyam. "Qəbələ" isə inanılmaz istək sayəsində belə bir nəticəyə imza atıb. 
 
– Milli komandanın hər oyunundan əvvəl futbolçularımızın böyük əksəriyyəti səslənən himnimizi oxumur, sözlərini bilmir. Bunu görmək çox mənfi hisslər oyadır. AFFA-nın baş katibi olaraq, bu rüsvayçılığa son qoymaq fikriniz yoxdu?
– Tam məsuliyyətlə bildirirəm: milli üzvlərimizin hər biri Azərbaycan himninin sözlərini bilir. Bəziləri himni ürəklərində oxuyur. Götürək azarkeşlərimizi. Əgər on minlərlə insan eyni vaxtda himnimizi oxusaydı və həmin vaxt heç bir maşın hərəkət etməsəydi, şəhərin mərkəzində bunu eşitmək mümkün olardı. Futbolçularda da bu belədi. Kimlərsə ürəyində oxuyur, kimlərsə ucadan. Ancaq bir daha təkrar edirəm ki, hər bir oyunçumuz himnimizi bilir.
 
– Axı onlar beynəlxalq oyunlara da baxırlar və görürlər ki, digər millilərin futbolçuları necə şərəflə himnlərini oxuyur. Belə çıxır ki, bizim futbolçular himnimizlə fəxr etmir?
– Yox, qətiyyən bunu belə qələmə vermək düzgün deyil. Deyərdim ki, beynəlxalq təcrübə azlığıdı. Millimiz final mərhələsinə yaxınlaşdıqda, əminəm ki, onda daha böyük həvəslə himni ifa edəcəklər.
 
– Demək istəyirsiniz ki, hazırda bu halın qarşısını almaq mümkünsüzdü?
– Futbolçularla bu mövzuda mütamadi söhbətlər aparırıq. Ancaq hər birinin himnimizi bildiyini əminliklə deyirəm.
 
– Əvvəllər millimizdə ladaqalar, qomeşlər "parlayırdı". Bu gün isə millimiz Azərbaycan-Dağıstan birgə müəssisəsini xatırladır…
– İnsanların etnik bağlılığı var. Nəyə görə bundan istifadə etməyək? Bu gün fəxrlə deməliyik ki, Dərbənd Azərbaycanın qədim şəhərlərindən olub. Əgər etnik bağlılıq varsa, nəyə görə millimizdə oynamamalıdı? Məsələn, Eddi İsrafilov İspaniyada doğulub. Ancaq onun kökü Azərbaycana bağlıdı. Bir neçə kəlmə mətbuatın ünvanına demək istəyirəm. Hesab edirəm ki, Şeydayevi müzakirə etmək lazımdı, nəinki millimizi seçən damarlarında 20-30 faiz azərbaycanlı qanı axanları. Əksinə, biz onlarla fəxr etməliyik ki, məhz Azərbaycanı seçiblər. Şeydayev isə ümidlə yaşayır ki, nə vaxtsa Rusiya yığmasına dəvət alacaq. Bizdə isə dərhal milliyə düşəcək. İllər ötür, nə vaxtsa karyeraları başa çatacaq. Bizim səbrimiz də tükənir. İllərlə dəvət etmək olmaz. 
 
– Gənclər yığmamızın 0:7 hesablı məğlubiyyətinən sonra baş məşqçi hansı addımı atmalıdı?
– Bizə Yaşar Vahabzadənin namizədliyini Məşqçilər Şurası təklif etmişdi. Artıq bu Şuranın üzvləri ilə müzakirələrimiz olub. İcraiyyə Komitəsi də onların təklifinə müsbət rəy bildirmişdi. Komanda növbəti oyununu Finlandiyaya qarşı keçirəcək. Yaşar Vahabzadədən məğlubiyyətlə bağlı tam izahat verməsini tələb etmişik. Onu mütləq dinləməliyik. Bundan sonra baş katiblik AFFA prezidentinə məruzə edəcək və lazım gəlsə, İcraiyyə Komitəsinə. Bu hesabla məğlub olmaq yolverilməzdi!
 
– Başa düşürəm ki, rəsmən qərarı İK verəcək. Ancaq sözlərinizdən belə başa düşürəm ki, Vahabzadə istefaya göndəriləcək?
– Qərarı İcraiyyə Komitəsi verir, bu, mənim səlahiyyətlərimə daxil deyil.
 
– Son sual. Hazırda təyyarə Bolqarıstana üz tutur. Son oyun. Necə düşünürsünüz, komanda qələbəyə oynamalıdı ki, 4-cü pilləyə yüksəlsin, yoxsa heç-heçəni uğur hesab edəcəksiz?
– Biz 5-ci pillədəyik və bundan aşağı yuvarlanmaq variantı yoxdu. Amma qrupda 4-cü pilləya qalxa bilərik. Futbolçular da, məşqçi heyəti də bu 4-cü pilləni tutmağa hazırlaşır. Adətən tsiklin ortasında məşqçi dəyişəndə, yeni çalışdırıcı daim əlində bəhanə tutur ki, mən 5-ci oyundan gəlmişəm. Robert Prosineçkiylə bağlı qeydimi etmək istəyirəm. O, bir dəfə də olsun bu bəhanədən istifadə etməyib. Bu da onun peşəkarlığı və məşqçi etikasından xəbər verir. Ancaq biz tsikli qələbəylə başa vurub, qrupda 4-cü pilləyə yüksəlmək istəyirik. Buna da potensialımız var! Uçduğumuz "Boinq"in baqajı vətənə dönərkən 3 xal ağırlaşmalıdı.
 
CEYHUN ƏLİYEV, Sofiya
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp