Sabah milli komandamızı qəbul edəcək Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev matçöncəsi mətbuat konfransı keçirib. Futbolinfo.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, meydan sahiblərinin çalışdırıcısıyla yanaşı komandanın qapıçısı Bojidar Mitrev də qatılıb.
 
Maraqlıdı ki, Petevin mətbuat konfransında sual-cavab bolqar dilində aparılıb və tərcüməyə zərurət duyulmayıb. Buna etiraz edən bir neçə azərbaycanlı jurnalist zalı tərk edib. Sən demə bolqarlar tərcüməçi nəzərdə tutubmuş. Sadəcə, ağsaqqal tərcüməçi konfransa 15 dəqiqəlik yubanma ilə gəldi.
 
– Yeni komanda qurmaq üçün nə qədər vaxt lazımdı?
– Çalışacağıq qısa zaman kəsiyində komandanı formalaşdıraq. Təəssüf ki, bu oyunçular öz klublarında daim oyun praktikası qazanmır.
 
– Komandanız üçün 4-cü yeri tutmaq çoxmu vacibdi?
– Bizə 4-cü yer heç nə vermir. Amma vacibdir ki, komanda yüksək səviyyəli futbol sərgiləsin.
 
– Komandanı qəbul edərkən, pley-offa yüksəlmək vəzifəsi barədə danışırdınız. Bəs indi?
– Əlbəttə, məqsəd bu idi. Ancaq əsas problemlərimiz bundan ibarətdi ki, bir sıra futbolçularımız klublarında heyətə düşə bilmirlər. Həlledici oyun kimi Norveçdən aldığımız məğlubiyyəti göstərərdim.
 
– Son oyunda eksperiment edəcəyinizi bildirmisiniz. Heyətdə nə dərəcədə dəyişikliklər olacaq? Azərbaycan yığması barədə fikirləriniz?
– Artıq eksperimentlərə start vermişəm. Zaqrebdə başladıq buna. Azərbaycan yığması inkişafdadı. Bunu klub və yığma səviyyəsində görmək mümkündü.
 
– Azərbaycan yığması artıq Xorvatiyanın baş məşqçisini yola salıb. Sabahkı oyun sizin karyeranıza nə dərəcədə təsir edə bilər?
– Məni ancaq sabahkı görüş düşündürür. Bundan sonra necə olacağını deyə bilmərəm. Bu, Allahın əlindədi.
 
– Deyirsiniz ki, Azərbaycanda futbol inkişafdadı. Sabah üstünlük kimin tərəfində olacaq?
– Biz oyuna maksimum konsentrasiya olmalıyıq. Sabahkı oyunun nəticəsi özümüzdən asılı olacaq.
 
– "Qəbələ"yə ötən il keçidinizin baş tutmamasının səbəbini açıqlaya bilərsinizmi?
– Klublarınızın avrokuboklardakı uğurlu çıxışı münasibəti ilə sizləri təbrik edirəm. Amma verdiyiniz sualın detallarına varmaq istəmirəm.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp