“Kəpəz”in əziyyətini yerə vurmayaq, gəncəlilər dünən “Bayıl Arena”da qələbə qazanmaq üçün hər şey etdi. Daimi hücumlar, xal qazanmaq üçün taktiki mübarizə, əzmkarlıq, istək qonaqların əsas silahı idi. Və bunun sonucunda “Rəvan” layiq olduğu son pillədə “möhkəmləndirildi”. Amma…
 
…Amma “Rəvan” bu oyuna uduzmaq üçün çıxmışdı. Start heyətinin kimin ağlının məhsulu olduğunu bilmirəm, həqiqətən də “11-liy”i baş məşqçi Emin Quliyev seçmişdisə, deməli, o, özünü qovdurmaq üçün hər şey etdi. Ruslan Tağızadənin “18-liy”ə salınmaması, komandanın yeganə hücumçusu Tural Qürbətovun, əsas oyunçulardan olan Nicat Muxtarovun ehtiyatda saxlanması yalnız rəqibə hədiyyə etmək anlamına gəlirdi. Təsadüfi deyil, məhz onların oyuna qoşulmasından sonra “Kəpəz”in qapıçısının istirahəti bitdi, qapısı önündə təhlükə gördü.
 
***
 
İlk yarının statistikası dəhşətli idi. Hətta narın yağış belə “Rəvan”dan fəal görünürdü, komanda tarixinin ən pis futbolunu oynayırdı. Müdafiə xərrinin bəzən 4 üzvünü təkbaşına aldadan qonaq hücumçular yalnız qola həsrət idi. Qapıya zərbələrdə hesab 8:0-a çatmışdı.
 
***
 
İkinci hissəyə əvəzetməylə başlayan Şahin Diniyev dizini yerə qoyduqları rəqibin belini qıra bildi. Bakılıları əldən salmış Aleksandr Sitniki əvəz edən yeni transfer Julian Ebah yorğun müdafiçilərin arasından sıyrılıb qol vurmalı idi. Və kamerunlu bunu ilk cəhdindəcə bacardı. Amma o, qolu rəqibin hansısa səhvindən səhvindən sonra vurmadı, fantastik zərbəylə fərqləndi. Bəlkə də mövsümün indiyəqədərki qolları arasında ən gözəlinin müəllifi olan hücumçu sinəsi ilə saxladığı topu qəfil zərbə ilə uzaq küncə göndərdi.
 
Rəqib özünə gəlməmiş Juninyo da fərqləndi – 2:0. Bundan sonra oyunu dağılan, müdafiədə oturub 1 xal qazanmaq istəyən “Rəvan” tamamilə pərən-pərən düşdü. Yerindən tərpənməyən Emin Quliyevin əvəzinə futbolçulara göstəriş verən, özünü baş məşqçi kimi aparan Rövşən Babayevin canfəşanlığı isə fayda vermədi. Adi epizodda Kənan Manafov, Novruz Məmmdəov və Orxan Lalayevin qırmızı vərəqə alaraq meydandan qovulması isə komandada intizamın hansı səviyyədə olduğunu göstərdi.
 
***
 
Elvin Əliyevin 3 illik fasilədən sonra Premyer Liqa matçına çıxması, zədələnərək erkən əvəzlənməsi də “Rəvan”ın durumunu təcəssüm etdirirdi. Həvəskarlar liqasında oynamağa layiq heyətlə “Kəpəz”ə qarşı heç nə sərgiləmək olmazdı və olmadı da. Bu heyəti yığan, bir neçə gün öncə 2 legionerdən imtina edən məşqçi heyəti, onlara güvənən klub prezidenti Samir Məliksoy, əsas köməkçiləri İlqar Axundovla Füzuli Əliyev bacarıqlarının maksimumunu sərgilədilər. İndi onları əvəz etmək üçün klubun sahibi Nuru Əliyev yeni heyət formalaşdırmalıdı. Güman ki, yeni baş məşqçi Bəhmən Həsənovla yanaşı, sabiq vitse-prezident Bəhruz Şirəliyev də idarəçiliyə gətiriləcək və yeni komanda quruculuğuna başlanacaq. Klubda ab-hava o qədər bərbaddı ki, toparlanmaq üçün bəlkə də aylar lazım olacaq.
 
***
 
Oyunda hakim səhvləri həddindən artıq çox idi. Orxan Məmmədov elə səhvlər edirdi ki, onun FİFA referisi olduğuna inanmaq olmur. Düzdü, nəticəni onun xətaları yox, “Kəpəz”in gücü və meydan sahiblərinin bərbad oyunu müəyyənləşdirdi. Amma yenə də “Rəvan”ın etiraz etməyə haqqı var. İlk yarının axırlarında gəncəlilərin vurduğu qol hesaba alınmayanda başverənlərə görə qonaqlar cəzalanmalıydı. Tural Axundovun zərbəsindən sonra müdafiəçinin ayağına dəyən top qapıya daxil oldu. Lakin daha öncə Sitnik passiv oyundankənar vəziyyətdə qolkiperin qarşısını kəsdiyi üçün qol doğru olaraq hesaba alınmadı. Bununla razılaşmayan qonaqların kapitanının qapıçıya qarşı etdiyi hərəkət qırmızı vərəqəlik epizod idi. Axundov əllə Konstantin Maxnovskiyə zərbə endirdi, qapıçının özünü yerə atmaması, centlmenliyi üstün tutması “Kəpəz”i bəladan qurtardı. Hakim isə “ağzının içində” olan qayda pozuntusunu görmədi. İş burasındadı ki, “Rəvan” çox bərbad idarə olunur və bu epizoda görə kimsə etiraz etməyi ağlından belə keçirmədi.
 
***
 
“Rəvan”a yazığım da gəldi. Rəqib 8 nəfərlə qaldıqdan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin və kapitanın “qol vurmayın” tapşırığı utancverici idi. Ola bilər, onların hər ikisi vaxtilə bu klubda çalışdıqlarından belə edirdi, amma bu jest bakılıları təhqir etməkdən başqa bir şey deyildi. Yiyəsiz kluba “Rəvan”dan haqsızlıqla uzaqlaşdırılanların rəhmi gəlmişdi.
 
***
 
Oyun bitincə qoldan sonra Diniyevi qucaqlayan Ebah gəncəli fanatlarla selfi çəkdirdiyi, “Kərəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev mükafat payladığı zaman “Rəvan” düşərgəsində ölüm sükutu var idi. Bəhmən Həsnovun daxil olduğu qrup “zibilə saldıqları” Emin Quliyevi qovmaq üçün məşvərətə tələsirdi, stadionun koridorlarında isə özbaşınalıq hökm sürürdü. Hətta bir neçə uşaq hakimlər otağına girib onlara söz atmağa da imkan tapdı.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp