İyulun 24-də futbolinfo.az saytında bir yazını oxumuşduz. Və 84 gündən sonra həmin yazının necə əla proqnoz materialı olduğunu görürük. Həmin vaxt dediklərimiz dünən təsdiqini tapdı, həm də gözlədiyimiz ssenari ilə…
 
Aşağıda həmin yazıya – iyulun 24-də oxuduğunuz materiala bir daha nəzər sala bilərsiz
 
Premyer Liqanın Nuru
 
Ölkə futbolunun necə nura boyandığını görürsüz? Sanki gözümüzə işıq gəlib, canlanma var. Axı, “Rəvan” dirilib, elitaya qayıdıb.
 
***
 
Ölkə çempionatının püşkatması, avrokubok oyunları başımızı elə qatdı ki, məşqçilikdə kövrək addımlarını atan birinin təyinatını şərh edə bilmədik. Həm də Emin Quliyev sıradan biri deyil axı… Milli komandamızın, aparıcı klublarımızın sabiq üzvü, bir sıra titulların sahibi olan sabiq yarımmüdafiəçi bundan sonra “aslanlar”ın baş məşqçisi olacaq.
 
Pullu vaxtlarında əcnəbinin dalınca düşən, kasıblayanda yerlilərə üz tutan əksər klublarımız kimi “Rəvan” da dəbə uyğun hərəkət etdi. “Qarabağ” – Qurban Qurbanov tandeminin uğurlu alınmasını bəhanə edib, yetərsiz heyəti Samir Əliyevə etibar edən “Neftçi” kimi “Rəvan” da mövcud olmayan komandanı Quliyevə tapşırdı.
 
Emin bəyin məşqçi potensialına bələd deyiləm – nə inana, nə də şübhə edə bilirəm. Zəngin karyerası, tanınan məşqçilərlə həm futbolçu, həm də köməkçi məşqçi kimi işləməsi dadına çata bilər. Ancaq o da var ki, bu təyinat çox risklidi, baş məşqçi kimi heç bir təcrübəsi olmayan birinə daim boyundan hündürə tullanmaq istəyən komanda tapşırılıb. Təki bacarsın, amma düzü, mən inanmıram. Bu güvənsizliyin səbəbi heç də Quliyevə bağlı deyil.
 
***
 
Bədniyyətli deyiləm, lakin indidən sizi əmin edirəm ki, uzağı 3 aydan sonra Nuru Əliyev Emin Quliyevə qapını göstərəcək. Hətta məşqçi seçimində “Rəvan”a yol göstərənin PFL prezidenti Ramin Musayev olduğunu nəzərə alsaq, bu müddəti uzağı daha bir ay uzada bilərik. Təcrübəsiz məşqçinin sıfırdan yığılan komanda ilə qısa zamanda möcüzə göstərməyəcəyini nəzərə alsaq, başqa variant mümkün deyil.
 
3 ay limitini boşuna qeyd etməmişəm: “Rəvan”ın mövcud olduğu dönəmdəki məşqçilərinin siyahısına baxın və həmin zamanı məşqçilərin sayına bölün. “Bərabərdir” 3 ay. Başqa riyazi hesablama düsturu yoxdu. Nuru Əliyevin səbrinin maksimumu bu qədərdi. Daha onun üçün məşqçi işə başlayarkən komandanın hansı durumda olması, rəqiblərlə müqayisədə kadr potensialı, büdcəsi kimi amillər prioritet deyil. Komanda zəif çıxış edirsə, deməli, məşqçi günahkardı.
 
“Rəvan”ın rəhbərliyi oturub, soyuq başla fikirləşsə, bizim gördüyümüz həqiqəti görməməzlikdən gələ bilməzlər. Onlar da əmindi ki, mövcud imkanlarla komandanın autsayderlər qrupunda fırlanmaqdan başqa perspektivi yoxdu. Ancaq ortada bəzi vədverən dəllallar var ki, zaman-zaman onların başını fantaziyalarla doldurur.
 
Məsələn, “Rəvan”ın düşərgəsində daim Bəhmən Həsənov adında bir dahi var-gəl edir. O, imtahan verib, məşqçi kateqoriyası ala bilməsə də, oxumamış alimdi. Bu adam neçə-neçə torbalar tikib, neçə-neçə məşqçini qovduraraq, ona xələf olub. “Rəvan” isə ona həm yaylaq, həm də qışlaqdı. Bu adam sanki ömürlük müqavilə ilə işləyir. Baş məşqçi lazım olanda komandanın başına keçir, lazım olmayanda akademiyanın, hansısa azyaşlı komandanın, lap elə qrupun rəhbəri olur. Ona görə də elə indidən Quliyevi əvəzləyəcək adamla bağlı xəbəri də yazıb, kompyuterin yaddaşında saxlamaq olar ki, təyinat reallaşan kimi gün üzünə çıxarasan.
 
AFFA-nın təyin etdiyi idman direktorunun da torbası onun məharətlə qurulmuş oyunundan sonra tikildi, yoxdan komanda qurub onu U-19 liqasının qalibi edən Fizuli Məmmədovun da, Vladislav Qədirovun da, əvvəlki baş məşqçilərin də. Amma Nuru Əliyev bu canlı bombanı daim klubunda saxlayırsa, deməli, bildiyi, umduğu nəsə var.
 
***
 
Problem təkcə Həsənovla bağlı olsaydı, nə var idi ki?.. Füzuli Əliyev də ondan geri qalmır. Az qala bütün transferlərdən pay uman bu adam son mövsümdə karyerasını çoxdan bitirməli olan oğlunu da komandaya calaq edib. Heyət seçimində onun sözünə baxmayan məşqçilər ilk gündən qara siyahıya düşür, zaman-zaman rəhbərliyə haqlarında mənfi informasiyalar ötürülür (Şahin Diniyev kimi – red.). Heç sözə baxanları da yaxşı aqibət gözləmir. Hər qələbədə öz seleksiya bacarığını, işqurma qabiliyyətini reklam edən bu şəxs vəziyyət çətinləşən kimi məşqçiləri hədəf göstərir (Vladislav Qədirov kimi – red.). Transfer məsələlərində və s. məsələlərdə digər dəllallar da fəal rol oynayır ki, onlar haqda yaxın günlərdəki yazılarda bəhs edəcəyik.
 
***
 
Klub prezidenti Samir Məliksoy da yarıtmaz rəhbər komandası ilə bütün bunları görməzdən gəlir. Azərbaycanda futbol idarəçiliyindən xəbərsiz olan bu adamlar məhz vəziyyətdən çıxmaq üçün Bəhmən Həsənov, Füzuli Əliyev kimi qoca qurdların xidmətinə möhtacdı. Şef nəticələrə görə çox hirslənəndə isə B planı işə düşür. Ötən mövsüm “Rəvan”ın elitanı tərk etməsində birbaşa günahkar olan, hətta Türkiyənin aşağı divizionunda da çalışmağa layiq olmayan Güvən Kurtar tipli onlarla məşqçi onun siyahısındadı. Diniyevə “pul yoxdu, transfer edə bilmərik” deyən, özü gətirdiyi Kurtar üçün isə kisənin ağzını açdıran Samir bəy də futbolu belə bilir.
 
***
 
İndi özünüz fikirləşin: Futbolu bu cür gözəl anlayan rəhbərliyin mövcud olduğu klubda Emin Quliyev nə qədər duruş gətirə biləcək. Bəlkə də, baş məşqçi postu şirindi deyə o, indi Bayıl stadionunda heç kimin tanımadığı 70-80 nəfəri yığıb, komandaya faydalı olacaq heyət seçə bilər. Ola bilsin, 1-2 legioner də aldırıb, ölmə-diril komandası yaradacaq. Amma əmin olun ki, Premyer Liqanın Nuru olan komandada onu parlaq gələcək gözləmir. Futbolçu tapmaq, heyət qurmaq klubdaxili qruplaşmaların cəngində mübarizə aparmaqla müqayisədə çox asan işdi.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp