Ölkə əhalisinin əksər hissəsinin “CBC Sport” kanalını, deməli, həm də Premyer Liqa matçlarını izləyə bilməməsi problemini qabartmışdıq. Xüsusilə bölgə camaatı bu baxımdan əziyyət çəkir. Komandası elitada mübarizə aparan Lənkəran, Gəncə kimi şəhərlərdə “CBC Sport”a baxmaq mümkün deyil.
Bu məsələyə “Futbol+” qəzeti də biganə qalmayıb. Həmkarlarımız kanal əməkdaşından niyə oyunların SD formatında yayımlanmamasının səbəbini soruşub. Cavab ilk baxışdan reallığı əks etdirir: “Yox, biz bundan sonra da yayımı yalnız HD formatında təşkil etməyi düşünürük. İnsanlar telekanalımızı çox rahat və gözəl görüntüylə izləyə bilər. Bunun üçün kiçik ölçülü xüsusi aparatı almaq lazımdı, vəssalam. Keyfiyyətli görüntüyə görə həyatda bir dəfə 25-30 manatdan keçməyə dəyər. Bizi də başa düşmək lazımdı. Reklamçılar daha keyfiyyətli görüntüyə üstünlük verir. Onların tələbləri odu ki, telekanal HD formatda yayınlansın. Biz dövlət büdcəsinə bağlı telekanal deyilik. Kommersiya şöbəsi var, reklamları toplayırıq, tələbləri nəzərə almağa məcburuq. Dünya artıq bu sistemə keçib. HD ilə SD formatlı yayın arasında yerdən göyə qədər fərq var. Niyə də daha keyfiyyətli görüntü izləməyək?!”
“CBC Sport”un rəsmisinin dediklərində həqiqət var, amma…
1.  “Həyatda bir dəfə 25-30 manatdan keçmək olar” deyən həmkarımız bilsin ki, ölkə əhalisinin yarıdan çoxu üçün bu məbləğ keçməli pul deyil. 25-30 manat əksər ailələrin bir aylıq çörək puludu. Həm də elə ailələr ki, onlar futbolu Moskvanı atıb, vətənə yalnız pul qazanmaq üçün dönən telekanal rəhbəri İlham Rüstəmovdan çox sevirlər. Hərdən başınızı əyləşdiyiniz kabinetin pəncərəsindən bayıra çıxarın, camaatın indiki çətin iqtisadi durumda 30 manatı qazanmaq üçün neçə gün əziyyət çəkdiyinə baxın. Siz rahatlıqla həmin aparatı ala bilərsiz, ancaq bütün insanların belə imkanı yoxdu. Bu, kiməsə əsas vermir ki, onları futbolsuz qoyasız. Hələ onu da nəzərə alın ki, aparat almaq hələ futbola baxmaq demək deyil. Onminlərlə insan var ki, HD formatda yayıma baxmaq, onu keyfiyyətini hiss etmək üçün kasıbyana televizorunu da dəyişməlidi. 
2.  Reklamçıların daha keyfiyyətli görüntü tələb etməsi haqda deyilənlər də cəfəngiyyatdı. Külü qoyum o reklamçının başına ki, çox az adamın baxdığı kanalla əməkdaşlıq edir. Reklamçılar üçün ilk növbədə kütləvilik vacibdi. Və onlar sizin qarşınıza şərt qoyursa, istədikləri havanı çalmağa məcbur edirlərsə, bir kül də CBC-nin başına. Belə çıxır, reklamçılar tələb edir deyə sabah oyunun ortasında yayımı kəsib, pampes də reklam edə bilərsiz, alt paltarı da.
3.  Biz demirik ki, HD formatdan imtina edin. Amma SD formatından birdəfəlik imtia etmək elə İlyanın düşüncəsinin məhsulu ola bilər. Tamaşaçı HD yayımına hazır olana kimi hamının izləyə biləcəyi məhsul təqdim etməlisiz. Zaman keçdikcə SD-ni məhdudlaşdırıb yalnız HD yayımına üstünlük vermək olar. O zamana kimi camaat da daha keyfiyyətli yayımın üstünlüyünü görüb 25-30 manatlıq aparatı alar. Siz isə bəri başdan geniş auditoriyadan imtina edib, azarkeş marağına tüpürürsüz.
4.  Və ən nəhayət, yayım hüququnun sizə niyə, necə və kimə görə qismət olduğunu unutmayın. Ölkə futbolunun kütləviliyi birbaşa ölkə rəhbərliyinin tələbidi. Deyəsən, bu amili unutmusuz, yalnız reklamçılardan gələn pulu düşünürsüz.
FATEH
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp