UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda PAOK-la qarşılaşan “Qəbələ” səfər oyunundan 1 xalla ayrılıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Aleksey Qay 0:0 hesabı ilə başa çatan görüş haqda fikirlərini klub saytına açıqlayıb:
“Qrupumuzdakı digər qarşılaşmanın nəticəsinin oyunumuza heç bir təsiri olmadı. Krasnodardakı görüşdən sonra növbəti mərhələyə hər iki vəsiqənin sahibi bəlli olsa da, biz qarşılaşmaya çıxıb, öz futbolumuzu nümayiş etdirdik. Ümumi hədəfin öhdəsindən gəlib, qrupdan çıxa bilmədik. Lakin oyunumuzdan razı qalmalıyıq. Düzdür, səfərdə heç-heçəylə kifayətləndik. Amma yaxşı oyun nümayiş etdirdik. Qarşılaşmanı hazırlaşdığımız səviyyədə keçirə bildik. Sadəcə qol vura bilmədik. Bunu da təhlil edəcəyik. Qrup mərhələsində qələbə qazanmamışıq. Lakin hələ bir oyunumuz qalıb. “Krasnodar”la həmin ev oyununda qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Shares: