Ölkə daxilində mövsümün başa çatmasına dair 4-cü yazımız hakimliyə həsr olunacaq. Yox-yox, Xaqani Məmmədov, narahat olmayın, idarəçiliyi müzakirəyə çıxarmayacağıq. Yenicə qaysaq bağlamış yaranın üstünü açmaq niyyəti güdmürük. Bu dəfə hakimlərin hansı klubların oyunlarınını daha çox və az idarə etməsi, habelə həmin referilərin iştirakı ilə keçirilən qarşılaşmalarda klubların neçə xal toplmasına nəzər salacağıq.

“Qarabağ”
Ağdam təmsilçisinin iştirakı ilə keçirilən qarşılaşmaları 11 ədalət təmsilçisi idarə edib. Bunlar arasında Əliyar Ağayev, Ramil Diniyev və Ömər Paşayev hamıdan çox – 5 görüşdə fit çalıb. Maraqlıdı ki, Paşayev bu oyunlarda ölkə çempionunun 7 xaldan məhrum olmasının şahidi olub. Diniyevə gəlincə, əmisioğlu – Coşqunun da formasını geyindiyi komanda onun idarəçiliyindən narazı qala bilməz. Rəqəmlər hər şeyi deyir: 5 oyuna 15 xal! Yüzfaizli nəticələr sırasında diqqətimizi cəb edən daha bir “qarapaltarlı” Elvin Əsgərovdu. Ölkə çempionunun 4 oyununa təyinat alan Əsgərov komandanın 12 xal qazanmasına şahidlik edib.

“Zirə”
Qəsəbə təmsilçisinin iştirakı ilə keçirilən görüşlərin iki mütləq rekordçusu var – Orxan Məmmədov və Fariz Yusifov. Hər iki referi 6 dəfə Adil Şükürovun yetirmələrinin oyunlarına təyinat alıb. Ancaq Məmmədov “Zirə”yə həmkarından 2 xal artıq gətirib: 11-9. Mütləq nəticəyə gəlincə, bu yöndə Ömər Paşayev və Rəvan Həmzəzadə seçiliblər. Ancaq ədalət təmsilçiləri birlikdə “Zirə”nin cəmi 3 oyununda iştirak ediblər.

“Qəbələ”
Yazının əvvəlində söz versək də, statistika istər-istəməz Hakimlər Komitəsinin rəhbərinin bacarıqsızlığından yazmağa məcbur etdi. “Qəbələ”nin keçirdiyi 36 oyunun demək olar 1/3 hissəsini (!) Rəhim Həsənov idarə edib. Komandanın baş məşqçisi Roman Qriqorçuk hakimliklə bağlı od püskürəndə, HK sədri “ağzına su alıb” dayandı. İndi isə ağlı başında olan hansısa kəs qoy bu rəqəmə izahat tapsın! Medallar uğrunda mübarizə aparan kollektiv həmin 10 görüşdə cəmi 17 xal toplayıbsa, şübhələnməyəsən, nə edəsən?

“İnter”
Rəhim Həsənov oyun sayına görə “İnter” üçün də rekordçudu. “Bankirlər”in iştirakı ilə keçirilən 6 matçda ədaləti qoruyan referi onların 8 xal qazanmasına şahidlik edib. Maraqlıdı ki, daha bir FİFA referisi Əliyar Ağayev də Zaur Svanadzenin yetirmələri üçün uğursuz hakim sayılır. Bu komandanın 3 oyununa təyinat alan “qarapaltarlı” “İnter”i qələbə üzünə həsrət qoyub. Bu qarşılaşmalardan yalnız birində “sülh” bağlayan kollektiv, digər iki oyundan boynubükük dönüb. “İnter”in sevimli hakimi isə Fariz Yusifovdu. Təcrübəli referi təyinat aldığı 5 oyunda klubun 11 xal qazanmasına şahidlik edib: 3 qələbə və 2 heç-heçə.

“Kəpəz”
Yusifov Gəncə təmsilçisinin oyunlarına da damğa vurub. O, mövsüm ərzində Şahin Diniyevlə yaşıl meyndanlrda bütün həmkarlarından çox üz-üzə gəlib – 8 dəfə. Amma bu qarşılaşmalarda “Kəpəz”in qazancı vur-tut 9 xal olub. “Kəpəz”in dostu” nominasiyasının qalibi isə Rəvan Həmzəzadədi: gənc referi idarə etdiyi hər 3 oyundan “Kəpəz” qələbəylə ayrılıb.

“Neftçi”
“Neftçi”nin “öz hakimi” var. Bu, Əliyar Ağayevdi. İstedadlı fit sahibi “ağ-qaralar”ın 8 oyununu idarə edib. Bu görüşlərdə “Neftçi” 16 xal toplayıb. Maraqlıdı, görəsən Əliyar “Neftçi”nin bütün oyunlarına təyinat alsaydı, “ağ-qaralar” orta statistikalarını qoruya bilərdi? Axı, belədə, komanda 49 yox, 72 xal toplayardı! Bu isə rahat-rahat gümüş medallara qovuşmaq deməkdi. “Neftçi” üçün “arzuolunmaz şəxs” isə Rauf Cabbarovla Ömər Paşayevdi: hər iki ədalət təmsilçisi “Neftçi”nin iştirakı ilə keçirilən 5 görüşü idarə edib və hər iki halda “ağ-qaralar” vur-tut 4 xal toplaya bilib.

AZAL
“Tərlan Əhmədovun dostları” nominasiyasının 2 qalibi var: Rauf Cabbarov və Ramil Diniyev. Hər iki ədalət təmsilçisi idarə etdiyi görüşlərin hamısında AZAL qələbə qazanıb. Cabbarov 3, Diniyev isə 2 dəfə “təyyarəçilər”ə qələbə sevinci yaşadan final fitini səsləndirib. Baş məşqçinin “düşmənləri” sıralamasının lideri isə Rəvan Həmzəzadədi: 5 oyuna cəmi 2 xal.

“Sumqayıt”
“Gənclik şəhəri” təmsilçisi ilə bağlı da maraqlı statistika diqqət çəkir. Ömər Paşayev “Sumqayıt”ın iştirakı ilə keçirilən 5 oyunda fit çalıb və bu görüşlərin hamısı “sülh”lə nəticələnib. Komandanın baş məşqçisi Samir Abasovun təbirincə desək “v dannıy moment” (hal-hazırda) “Sumqayıt”ın bir dostu var – Rəvan Həmzəzadə. Gənc ədalət təmsilçisi komandanın 5 oyununa təyinat alıb və bu görüşlərdə Kamran Quliyevin komandası 12 xal toplayıb.

“Rəvan”
Nəzərə alsaq ki, “Rəvan” çempionat ərzində orta hesabla hər oyuna 0,5 xal toplayıb, Azərbaycanın Əməkdar və FİFA-nın PRO kateqoriyalı məşqçisi Bəhmən Həsənov üçün istənilən xalın qənimət olduğu aydın olar. Bu üzdən də “Rəvan”da zəngin təcrübə toplamış ünlü mütəxəssis üçün Ömər Paşayevin idarəçiliyi ən xoş təəssüratlarla yadda qalıb: 5 oyuna 7 xal! Rauf Cabbarov isə Nuru Əliyevin komandasının əsl “cəllad”ıdı: bu hakim 6 dəfə bakılıların oyununu idarə edib və komanda 18 mümkün xaldan yalnız 1-ni toplayıb.

“Xəzər Lənkəran” 
Yumuşaq desək, fəaliyyətini dondurmuş “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən qarşılaşmalarda “arzuolunan şəxs” tapmaq mümkün deyil. Axı, komanda 36 oyuna vur-tut 15 xal toplayıb. Elə bu üzdən də bütün “qarapaltarlılar”ı Mais Mənsimovla Tuyqun Nadirovun “qəbirqazanlar”ı adlandırmaq olar.

Shares: