Bakı Olimpia Stadionun süni örtüklü meydançalarında həvəskar komandalar arsında mini futbol turniri davam edir. Futbolinfo.az xəbər verir ki, 24 kollektivin mübarizə apardığı yarışda artıq 3 tur arxada qalıb.

“Sport Marketing Qrup” şirkətinin təşkilatçılığı ilə keçirilən turnir iştirakçıları 4 qrupa bölünüblər. A qrupunda vahid liderliyə “Tota” komandası yüksəlib. Komanda 2 görüşdə qalib gəlib, bir oyunu isə bərabərliklə başa vurub.

B qrupunda da analoji vəziyyət yaranıb. “Quyruq Yunayted” komandası 3 görüşdən sonra 7 xalla 1-ci pillədə qərarlaşıb.

C qrupunda isə “Qaradağ Lökbatan” rəqib tanımır. Komanda keçirdiyi hər 3 oyunu qələbəyə başa vurub.

Yalnız D qrupunda hələ ki, 2 tur arxada qalıb. “Muğan Bank” komandası hər iki matçı qələbəylə başa vuraraq, ¼ funala yüksəlmək iddiasını ortaya qoyub.

Qeyd edək ki, hər qrupda 6 komanda mübarizə aparır və ilk 2 pillənin sahibləri pley-off mərhələsində oynamaq hüququ əldə edəcəklər. 

Turnirin qalibini isə möhtəşəm mükafat gözləyir. Təşkilat Komitəsi turnirin qalibinə Fransada keçiriləcək Avropa çempionatının yarımfinal matçına biletlər hədiyyə edəcək.

Shares: