Futbolun İnkişaf Fonduyla (FİF) bağlı növbəti yazımız ayrılan vəsaitin daha bir istiqamətini müəyyənləşdirməyə həsr olunacaq. “Futbol meydanlarda oynanır” – bu, çeynənmiş ifadə əsrlər ötdükdən sonra da əsl həqiqəti əks etdirəcək. Necə ki, sabiq futbolçu televizor qarşısında oturub hazırda top qovanı qınayır; necə ki, işsiz mütəxəssis çayını içə-içə hansısa komandanın məşqçisinə rişxənd edir; necə ki, hansısa jurnalsit ekrandan izlədiyi oyundan sonra özünü ekspert kimi gözə soxmağa cəhd göstərir, futbolun da meydandan kənarda oynanmasını iddia edənlər eyni bezin qırağıdılar…
Azarkeş dəstəyi həmişə meydan sahibləri üçün böyük önəm kəsb edib. Ancaq maraqlı bir məqama diqqət yetirməyinizi istəyərdik. Bir neçə il əvvəl Azərbaycanda belə bir sual formalaşdı: “Nəyə görə “Qarabağ” səfərdə daha baxımlı futbol sərgiləyir”? Cavabı isə ilk abzasda səsləndirdiyimiz məsəldədi: “Futbol meydanlarda oynanır”.
Azərbaycanda meydança salmaq ənənəsi tikinti sektorunda baş qaldıran vəhylə eyni vaxta təsadüf etdi. Ölkədəki binaların zəlzələyə duruş gətirmək iqtidarında olub-olmaması barədə fikir irəli sərməkdə çətinlik çəkirəm, amma tikilən stadionalarımızın keyfiyyət markası göz qabağındadı.
İndi pul silmək, cibə işləmək dönəmi deyil. Çünki onsuz da millət batıb gedir. FİF yeni stdaionların ucaldılmasında nəzarətçi rolunu oynamalı deyil. Burası aydındı. Ən əsası, ayrılan vəsait tam şəkildə həqiqətən stadionun tikintisinə xərclənsin.
Bəs, stadionlar kimlərin istifadəsinə verilsin?
Premyer Liqada iştirak etmək istyən yetərincə klublar var. Ancaq lisenziya tələblərinin gündən-günə sərtləşməsi bölgə təmsilçilərinin bu arzusunu gözündə qoyur. FİF ilk növbədə bölgələrdəki meydan problemlərini həll etməlidi. Ancaq kortəbii yox, məqsədyönlü şəkildə. Aşağı liqada oynayan komandaların qarşısına konkret tələblər qoyulsun. Bunun incəliyinə varıb, tələblər haqda da ətraflı yaza bilərik. Ancaq qeyd edəcəyimiz məqamlar da yetərlidi ki, FİF düzgün istiqamət götürsün. Aşağı yaş qrupları üzrə ölkə çempionatında ən yaxşı 3 nəticəyə imza atmış bölgələrdə stadionun salınması ölkə futboluna ciddi töhfə vermiş olar.
Doğrudu, gözüyumulu şəkildə birinciliyin “Qəbələ”yə məxsus olacağını iddia etmək olar. Ancaq “Qəbələ” rəhbərliyi də etiraf edər ki, bu gün rəqabətə ehtiyac duyur. Və hansısa bölgədə infrastruktur baxımından problem gözə dəymirsə, ardıcıllığı bir pillə sürüşdürmək mümkündü.
Eyni zamanda, birinci divizionda mübarizə aparan klublara da stimul vermək gərəkdi. Məsələn, Premyer Liqanın ilk 3 pilləsində qərarlaşmış komandaya oyunçusu transfer olunan kollektiv müəyyən mənada bonusa sahib olsun. Bu təşəbbüsü milli üçün də genişləndirmək olar. Ancaq hələlik bu təklif utopik görünər. Çünki divizionda qərarlaşan komandaların futbolçularının yığmaya dəvət alması mümkünsüz görünür.
Stadionların pəşkeş olması ideyasını elitadakı klublara da şamil etmək olar. Məsələn, Çempionlar Liqasının qrup mərhələsinə ilk vəsiqəni qazanan komandaya FİF tərəfindən belə bir stadion ərmağan edilsin. “İki stadion nəylərinə lazımdı” sualının cavabı üçünsə uzaqlara getməyə ehtiyac yoxdu. Uşaq-futbol məktəbinin yaradılması, layihələrin genişləndirilməsi, habelə ot örtüklərinin yüklənməməsi üçün bundan gözəl hədiyyə ola bilməz.
Bu cür praktika Avropanın bir neçə ölkəsində tətbiq olunub. Bunun effektini yaxınlarda Macarıstan Futbol Federasiyası yığma komandanın Avropa çempionatının final mərhələsinə yüksəlməsi ilə gördü. AFFA-nın yeni şüarını yada salaraq, yazımızı yekunlaşdıraq: “Niyə də yox”?
CEYHUN ƏLİYEV