Topaz Premyer Liqasının 20-ci turunda keçirilmiş “Kəpəz” – “Qəbələ” oyununda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi 02.03.2017-ci il tarixində qonaq komandanın üzvlərini cəzalandırdı. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" klubu bununla əlaqədar bu gün bəyanat yayıb. 

Bəyanatda bunlar qeyd olunub:

“Qəbələ” İK bu haqda artıq AFFA Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək məsələyə yenidən baxılmasını xahiş etmişdir.

Futbolçumuz Nika Kvekveskirinin 3 oyunluq cəzalandırılması həddən artıq sərt qərardır. Videotəkrardan bəlli olduğu kimi, ən sərt hakim N.Kvekveskirini maksimum iki sarı vərəqə ilə cəzalandıra bilərdi. Çünki N.Qurbanovun gözlənilməz və yolverilməz hərəkətindən sonra futbolçumuz özünü müdafiə etmək üçün instinktiv reaksiya verərək rəqib futbolçunu əli ilə itələmişdir. Hadisə vaxtı və hadisədən sonra onun hərəkətlərində hər hansı aqressiya müşahidə edilmir. Bu haqda klubun etirazı oyunun protokolunda əksini tapmışdır.

Hesab edirik ki, N.Kvekveskiriyə verilmiş cərimə həddindən artıq ağırdır və minimuma endirilməlidir.

Həmçinin, klubun əməkdaşları Səbuhi Qarayev, Səməd Nəsibov, Səbuhi Səfiyarlı və Zaur Əzizova verilmiş cərimələr də çox yüksəkdir. AFFA İntizam Komitəsi hakimlər briqadasının yazdığı qeyri-obyektiv raporta əsaslanaraq bu qərarı çıxarmışdır. Qeyd etmək istərdik ki, sözügedən əməkdaşlarımız, həqiqətən də, birinci hissədən sonra hakimlər briqadasına etirazını bildirmişdir. Lakin bu etiraz fiziki təsir həddinə çatmamış, hakimlər polislərin müşayiəti ilə soyunub-geyinmə otağına daxil olmuşlar. Bu zaman yan xətt hakimi Rza Məmmədovun klubumuza qarşı qeyri-etik ifadə işlətməsi hadisələrin daha da böyüməsinə səbəb olmuşdur.

Çempionatın arxada qalan turlarına nəzər yetirsək, klub əməkdaşlarının oyunun hakimlər briqadasına etirazının səbəbini başa düşmək mümkündür. İndiyədək dəfələrlə AFFA rəsmiləri belə “Qəbələ”yə qarşı saysız-hesabsız hakim səhvlərinin olduğunu etiraf etmişlər. Lakin heç vaxt klubumuz tərəfindən “ədalət təmsilçilərinə” qarşı aqressiya nümayiş etdirilməmişdir.

Xüsusilə, Avropa meydanlarında layiqli idarəçiliklə diqqət çəkən perspektivli hakim Əliyar Ağayevin “Qəbələ”nin oyunlarında yol verdiyi səhvlərin nədən qaynaqlandığını anlamaq mümkün deyil. Məhz həmin Ə.Ağayev “Kəpəz”lə oyunda son 2 mövsümdə 4-cü dəfə futbolçularımıza mübahisəli qırmızı vərəqə göstərərək komandamıza qarşı qərəzli mövqe göstərmişdir. Başqa oyunlarda analoji vəziyyətlərdə loyallıq göstərən, açıq mübarizəyə şərait yaradan FIFA referisi briqadası ilə birlikdə cəmi 2 tur əvvəl (“Zirə”, 2:2) “Qəbələ”nin 2 xal itirməsinə səbəb olmuşdu.

Təəssüf ki, ölkə idman ictimaiyyətinin böyük ümidlər bəslədiyi referi Ə.Ağayev belə idarəçiliklə həm öz, həm də təmsil etdiyi qurumun nüfuzuna zərbə vurmaqdadır.

“Qəbələ” İdman Klubu daim ədalətli oyun prinsinplərinin tərəfdarıdır və Topaz Premyer Liqasının qarşıdakı 8 turunun məhz bu prinsiplər əsasında keçiriləcəyinə ümid bəsləyir".

Shares: