“Keşlə”nin məğlubiyyət seriyası 5 oyuna çatdı. “İnter”in varisi Sumqayıtda 4 matçlıq qol həsrətinə son qoysa da, bu, heç nəyi dəyişmədi. Daha güclü rəqiblərlə oyun ərəfəsində komanda autsayderlər qrupunda möhkəmlənib.
 
Zaur Svanadzenin gedişi heç nəyi dəyişməyib. Dünənki matç sübut etdi ki, paytaxt klubunun problemi baş məşqçi deyil. Rəhbərlik tərəfindən dəfələrlə aldadılan, zaman-zaman hətta təhqir edilən futbolçular artıq doyub. Həm yorulublar, həm beziblər, həm də psixoloji cəhətdən sınıblar.
 
Bəri başdan deyək ki, “Keşlə”də maaşlar yubansa da, onun miqdarı heç də ən az deyil. Futbolçular “Kəpəz”, “Səbail”, hətta “Sumqayıt”la müqayisədə daha yaxşı əməkhaqqı alır. Problem məlum transfer qadağasına görə yaranan kadr çatışmazlığında və potensialdan doğru yararlanmamaqdadı.
 
“Sumqayıt”la səfər matçında debüt edən Ramiz Məmmədov ciddi heç nə dəyişməmişdi. Eyni oyun üslubu, eyni futbol, eyni nəticə – Svanadzedən qalan hər şey yerində idi. Və məşqçinin oyunsonrası mətbuat konfransında komandasından razı qaldığını deməsi də qəribə idi. Deməli, oyunçular məşqçinin dediyi hər şeyi edib, problem onlara deyilənin düzgün olmamasındadı. Komanda hesabda geri olarkən də Məmmədov 3 mərkəz müdafiəçisiylə oynayırsa, rəqib orta sahədə hegemonluq edərkən də bura əlavə qüvvə salınmırsa, deməli, məşqçi də futbolu bizdən fərqli görür.
 
Ötən tur “Neftçi”yə son dəqiqə qolu ilə məğlub olan “Sumqayıt” bütün matçı səbrlə davrandı, baxımlı oyunu mövsümdə ilk dəfə kənara qoyub, ehtiyatlı davrandı. Samir Abasov lazımi dəqiqələrdə təzyiqi artırtdı və vacib qolları vurdular. “Keşlə” isə sadəcə, 90 dəqiqəni yola verdi, xaotik futbolla məqsədsiz komanda təsiri bağışladı.
 
Məmmədovun “İnter”də etdiyi yeganə yenilik iştirak ərizəsini tam doldurması idi. Svanadze 14-15 hazır futbolçuya güvənirdisə, Ramiz bəy 21 yaş limitinə düşən 9 oyunçunu siyahıya daxil etmişdi. Amma görüntü xatirinə edilən bu yenilikdən fayda götürülmədi – həmin oyunçulardan yalnız biri meydanda oldu, əvəzetmələrdə yenə təcrübəlilərə güvənildi.
 
Ramiz bəy start heyətdə debütanta şans vermişdi. Nədənsə müdafiənin mərkəzində Denis Silva və Adrian Skarlatakeylə yanaşı, Tərlan Quliyev yox, Sinan Akkoyun oynayırdı. 20 yaşı 10 gündən sonra tamamlanacaq bu türkiyəlinin nə vaxt, kim tərəfindən, niyə milliləşdirildiyini bilmirəm, lakin həvəskarlar liqasında onun kimi onlarla futbolçu var. Məmmədovun israrla oynatdığı bu futbolçu komandanın buraxdığı hər 3 qolda baş rolda idi.
 
1-ci qol. Akkoyun (fotodakı 58 nömrə) müdafiənin sağında mövqe səhvi edib, Cavid İmamverdiyevin irəliləməsinə şərait yaradır. Onun mərkəzə ideal ötürməsi avtoqolla nəticələnir. Top Amil Yunanova çatmamış Denis Silva “özünü yetirir”.
2-ci qol. Sinan hava topunu iki cəhddə ram edə bilmir. Həmin vaxt 10-12 metr radiusda heç bir rəqib olmasa da, futbolçunun ləngliyi Cavidin topu oğurlayıb, Amilə məhsuldar ötürmə verməsi ilə yekynlaşır.
3-cü qol. “Sumqayıt”ın hücumu zamanı ofsaydı pozan Akkoyun bu dəfə Yunanovu “itirir”, hücumçu isə təkbətək çıxıb, təhlükə yaradır. Zərbədən sonra qapıçı Orxan Sadıqlıdan qayıdan top “sığorta”ya gələn Adrian Skarlatakeyə dəyib, tora daxil olur – ikinci avtoqol.
 
Məmmədovun müdafiənin mərkəzinə yerləşdirdiyi “canlı bomba” “Keşlə” üçün qəbirqazan olur. Sinan bütün mərkəz müdafiəçilərinin “Sumqayıt”ın hücumçusuna çevrilməsində həlledici rol oynayır.
 
Ramiz Məmmədov komandaya yeni oyunçu qazandırdığını deyir. Lakin məncə, bu, bir yeniyetməni yandırmaqdan başqa bir şey deyildi. İstedadları belə həlledici oyunlarda start heyətə salmaqla üzə çıxarmırlar. Nümunəni elə rəqib məşqçi Samir Abasov göstərdi. O, 2 top fərqi ilə üstünlük qazandıqdan sonra 16 (!!!) yaşlı Rüfət Abdullazadəni meydan buraxıb, yeniyetməni qazanmağa çalışdı.
 
“İnter” tarixinin ən pis dönəmini yaşayır. Bu komanda “Keşlə” adı ilə çıxdığı hər iki oyunda məğlub olub və heç bir ümid vermir. Qarın böyüdən Mirhüseyn Seyidov, ayaqlarını sürüyən Denis Silva, yalnız özü üçün oynayan Nizami Hacıyev, maaş almaq xatirinə meydana çıxan Adrian Skarlatake, futbolla 1-2 il öncə vidalaşmalı olan Samir Zərgərov və Elnur Abdullayevlə bu komandann sabahı yoxdu. Klubun rəhbəri Zaur Axundov papağını qarşısına qoyub fikirləşsin və qışda ən doğru qərarları versin.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp