"Neftçi"nin təlim-məşq toplanışı, transferlər, yoxlama görüşləri diqqət mərkəzindədir. Təbiidir. Hər zaman belə olub, olacaq. "Neftçi" tarixi ənənələri olan böyük klubdur!
Son həftələr, günlər "Neftçi" ətrafında narazılıq, müzakirələr səngimir. Komanda ilə bağlı təhlillərimizi sonra bildirəcəyik…
"Neftçi"də olanlar, onlara havadarlıq edənlər təşviş içində klubun uğursuzluğunu unutdurmaq üçün yenə əl-ayağa düşüblər. Xələflərinin buraxdığı səhvləri təkrarlayaraq hədəfləri yanlış seçirlər… "Neftçi"nin hər ciddi büdrəməsindən sonra klubun yaxın tarixi uğurlarında pay sahibi olmuş insanların yada düşməsi, gündəmə gəlməsi klubu dağıdanları, autsayder vəziyyətinə gətirənləri rahat buraxmır. Zatən son üç mövsüm kluba gələnlərin, göndərilənlərin məqsədi-məramı bir olub: tarix unudulsun, unutdurulsun!
Son günlər "borc"lar, kreditlər yada düşüb . Azarkeşləri yenidən aldatmaq, 2-3 ilin biabırçı nəticələrini yaddaşlardan silmək cəhdləri, havadarların dilə gəlməsi boşuna deyil. Qazanılmış tarixin təzyiqi təzyiqlərini qaldırıb yenidən səkkiz vura-vura…
Təəssüf ki, sadə azarkeşləri, ictimaiyyəti aldatdıqlarına görə təkrar etməyə məcburuq. Borcu olan, düzgün idarə olunmayan klub "Bakı", "İnter" və digər klublar kimi cəzalanar, xalları silinər, transfer qadağası qoyular, 1-ci dəstəyə göndərilər, ümumiyyətlə, "Neftçi" dağılardı. Borc içində batan klub 250 minlik fərdi prezident avtomobili ala, 200, 250, 300 min dollara Şıkov, Anyete, Şeqoviyaları transfer edə bilməzdi. 8 komandalı çempionatda 7-ci yeri tutub mövsümə 15-16 legioner oynadılmazdı.
Həqiqi borc Gede dönəmindən sonra idi (Hans-Yürgen Gede “Neftçi”nin baş məşqçisi postuna AFFA tərəfindən göndərilmiş, baş katib Elxan Məmmədov onu şəxsən komandaya təqdim etmişdi – red.). 4-5 milyon dollar borclarla "Neftçi" çempionluqlar, kuboklar, tarixi uğurlar qazandı. Qarşılarında da "Neftçi"dən 2-3 dəfə çox, 20-30 milyon dollar büdcəsi olan klublar idi. İndiki 1, 2, 3 milyon manat vəsaiti olanlar deyildi…Yığılan borcları da bəhanələr gətirməyərək, ictimailəşdirmədən "Neftçi"yə UEFA, transfer, bilet satışı və digər qazandığımız gəlirlərlə FİFA-da məhkəmə proseslərini qismən udub, azaldaraq bağladıq.
Azarkeşlər yenidən aldadılmağa çalışılır, məqsədli olaraq eyni komandadan olan xələfləri deyil, 5-6 il öncə "Neftçi"yə rəhbərlik edənlər seçilir. Bunun bir adı var: xof, tarixi uğurların xofu!
Etməyin. Yerlərinə gəldiyiniz xələflərinizin "yol"unu tutmayın. Belə etdikcə tarix yazmaq bir tərəfə, 8-lərin yanına 8-lər yazdırmaqda davam edəcəksiniz. 6, 7, 8 topu vaxtilə olduğu kimi rəqib qapılarına vurmağa çalışın… Bu gün bankdan götürülən borclar yarıtmaz klub idarəçiliyinin nəticəsidir. Son 3-4 mövsümə sponsorlar tərəfindən kluba ayrılan vəsait, UEFA-dan gələn pullar 30-40 milyonla ölçülür.
"Neftçi"nin dəyərini, böyüklüyünü bilən azarkeş ordusu var. Onlar ağ-qara rəngləri olduğu kimi ağı qaradan seçməyi bacarırlar. Elə bacarırlar ki, son illərdəki "Neftçi" adına yaraşmayan nəticələrə baxmayaraq, "Neftçi" böyüklüyünü qoruyub saxlaya biliblər. Nə qədər "Neftçi"ni, bizləri istəməyən qüvvələr olsa da, böyük futbolu dərk edən fanatları, azarkeşləri heç kim aldada bilməz…
Dünən AFFA-nın baş katibi Elxan Məmmədov "Neftçi" ilə bağlı sualları da cavablandırıb, "Neftçi"nin böyük uğurlar qazandığını vurğulayıb. Klubların çöküşü məlum 2013-cü ildəki şuralaşma qərarından sonra baş verib. "Neftçi" daxil olmaqla klublara ən böyük müdaxilə bu idi. Şəffaflıqdan dəm vuranlar indi "Kəpəz" hadisələrinə görə illərdi inandıqları kadrlarını hesaba otuzdurublar. "Neftçi" isə çoxdan prezident idarə üsuluna qayıdıb. Səbəb də şuralaşma ideyasının tam əksi olub: idarəçilik bir əldə cəmləşməli, prezident məsuliyyət daşımalıdır. Öz kadrlarına evlərini satdıranlar, bizim 1 dollarlıq səhvimiz olsaydı belə, çoxdan dəmir barmaqlılar arasında olardıq. Yeganə alınacaq qızıl medallardı ki, o da mümkün deyil, tarixdir!
Şaiyələri, qərəzi kənara qoyub "Neftçi"nin keçmiş əzəmətini qaytarmaq lazımdır. Azarkeş üçün fərq etməz klub kimlər tərəfindən idarə olunur. Onlara "Neftçi"nin adına layıq nəticələr lazımdır.
AFFA-dan göndərilən "fəhlə"lər nəticə qazana bilməsələr də, müəllimlərindən diplomatiyanı bir az öyrənsinlər. Bir dəfə də olsun dillərindən "Neftçi" böyük uğurlar qazanıb" kəlməsi çıxmayıb. Əksinə, batırdıqları "Neftçi"ni unudub tarixi uğurları "batırmaq" istəyirlər. Bacarmarsız! Tarix unudulmur!
2-3 il öncə olduğu kimi AFFA-nın 5-ci mərtəbəsində qalaq-qalaq sənədlərlə 3-4 saat Elxan Məmmədovla üz-üzə əyləşib, "Neftçi" ilə bağlı nələrisə yenidən izah edib sübut etmək həvəsindən, fikirindən uzağam. İnanıram ki, müəllimləri də "fəhlə"lərinə yerlərini bir daha göstərəcəklər. Əks halda, meydanlarda biabırçı məğlubiyyətlər qazandığınız kimi meydandan kənarda da uduzarsız…
"Neftçi"nin indiki büdcəsi "Qarabağ", "Qəbələ"dən geri qalsa da, düzgün işlər görüldüyü halda, çempionluğu qazanmağa yetərlidir. Bacarıqsız insanlar isə büdcənin iki misli olsa da, uğur qazana bilməz. Keçmişi unutdurmaqla məşğul olmağa vaxtınızı sərf etməyin. Keçmiş keçmişdə qalıb. Bu günü, sabahın "Neftçi"sini düşünün. Tarixi uğurların üstünə yeni tarixlər gətirin. Bu gün "Neftçi" adına bunu etmək sizlərin vəzifə borcunuzdur. Bacarmırsınızsa, ara qatmaq, şaiyə yaymaq deyil, məşhur "Qatarda" tamaşasındakı səhnəni yada salın və…
TAHİR SÜLEYMANOV (“Neftçi”nin sabiq vitse-prezidenti)