Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də, Bakı vaxtı ilə saat 21:00-da Fransaya qarşı keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva oyunöncəsi fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, millimizin çalışdırıcısı bunları söyləyib: “Komandada əhval-ruhiyyə yüksəkdi. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacam. Əlbəttə, çox çətin, ağır oyun olacaq. Fransa millisi bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı pley-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var.

Thaqo artıq bir həftədi məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdı. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdı. Çünki bu görüş bizim üçün final oyununa bərabərdi. Qələbə qazana bilsək, 1/4 final mərhələsinə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik”.

Shares: