Bu gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ” “ASK Arena”da “Keşlə”nin qonağı olub. 

Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Mütəxəssis oyunla bağlı bunları deyib:

– Əsasən, ikinci hissədə qarşılıqlı hücumlar gördük. Bir neçə futbolçumuz zədəli olduğu üçün heyətdə bəzi dəyişikliklər etdik. Daha böyük hesabla məğlub ola bilərdik. Məni daha çox narahat edən çox qol buraxıb, az qol vurmağımızdı. Şanslardan istifadə edə bilmədik. Rəqibi təbrik edirəm. Qarşıda daha ağır oyumlarımız var. Çalışacağıq ki, onlara hazırlaşaq.

– Kamran Ağayev klubda müayinədən keçib? Zədəsi nə dərəcədə ciddidi? Çünki onu zədəsini olmadığı ilə bağlı xəbərlər yayılıb…
– Çıxan xəbərlərdən məlumatım yoxdu. Milli təkcə Kamrandan ibarət deyil. Kamranın ciddi zədəsi var. Ayağına qan yığılıb. Bu xəbərləri yayan gərək utansın. Yığma Kamrandan ibarətdirsə, gərək danışmayaq. Hər kəs Səlahət Ağayevin millidə olmamasına görə etiraz edirdi. İndi Kamran getmir, Səlahət oynayır, yenə etraz var. Kamranın "Qarabağ"la oyuna qədər hazır olacağını da bilmirik. 

– Milliylə bağlı yayılan "torba tikmək" söhbətlərnə münasibətiniz necədi? 
– Bu ifadəni işlədənlər demək nə vaxtsa özləri bu işlə məşğul olublar. İnsanları belə şeylərlə necə ittiham etmək olar? Bu cür ittiham edənlərdən soruşmaq lazımdı ki, bu işlər necə olur? İnanmıram millidə belə şeylər olsun. Bizim dövrümüzdə təlim-məşq toplanışları olmazdı. Biz sadəcə, millinin olması üçün çalışırdıq. İndi imkan var, futbolçular daha artığına çalışırlar. 

– Komandada cüzi, yoxsa ciddi dəyişikliklər lazımdı? 
– Əvvəllər heyəti yenidən qurmaq olurdu. İndi belə bir şey etmək olmur. Cüzi dəyişikliklərimiz olacaq. Komanda güclənəcək. Həm legioner, həm də yerli futbolçu axtarışındayıq. Yerli futbolçuya daha çox ehtiyacımız var. 

– Kamranın zədəsinin ciddi olduğunu dediniz. Əgər lazım olsa, onun zədəsini təsdiq edən sənədi göstərə bilərsiz? Biz 90 dəqiqə boyunca Kamranın oyunu ayaqüstə izlədiyini gördük. 
– Məsələn Azər Salahlının ayağında sınıq var. Mən onun bazaya gəlməyinə razı deyiləm. Kamran normal yeriyir. Millini aldadıbsa, bizi aldatmaq çətindi. Millinin həkiminin etdiyi səhvi biz düzəldə bilərik. Davud Kəriminin atası rəhmətə gəlib. Onun problemi daha böyükdü, amma biz onu meydana buraxdıq. 

– Davud Kərimi haqqında danışdız. Ümumilikdə, oyununu necə qiymətləndirirsiz? 
– Bu gün 2 qol buraxdı. Amma məğlub olanda komanda məğlub olur. Oyununu yaxşı qiymətləndirirəm. 

– Etdiyiniz əvəzetmələr özünü doğrultdumu?
– Məğlub olmuşuqsa, deməli, razı qalmaq olmaz. Mən hər bir futbolçuya şans verirəm. 

– Hansı mövqe sizi daha çox narahat edir? 
– Bütün mövqelərə futbolçu axtarırıq. Amma orta xətt məni daha çox narahat edir. (komanda.az)

Shares: