“Qarabağ” özünə gəldi. Ağır “Sportinq” məğlubiyyətindən sonra “Keşlə” üzərində qələbə vacib idi və ağdamlılar buna darmadağınla nail oldu.

13-cü turun son matçı ağdamlıların düşərgəsində ab-havanı düzəltdisə, “Keşlə”də gərginliyi bir qədər də artırdı. Xilaskar kimi gətirilən Tərlan Əhmədov artıq səbəbkarlar aramağa başlayıb. Baş məşqçi təyin olunmamış bu heyətlə daha yaxşı nəticə göstərməyin mümkünlüyndən dəm vuran Tərlan rəhbərliyi bu yolla şirnikləndirmişdi. İndi isə o, bütün futbolçulardan narazı qaldığını deyir, qışda heyəti gücləndirməyin vacibliyindən danışır.

Təbii ki, heyət təzədən yığılmalıdı, vaxtilə rəhbərliyin bilavasitə günahı üzündən komplektləşdirmə işi düzgün aparılmayıb. 11 legioner var, lakin yarıdan çoxu start heyətinə layiq deyil. Bunu görə-görə başqasının torbasını tikmək üçün vədlər verən Əhmədov indi çabalayır. “Keşlə”nin qışda böyük dəyişikliklərə getməsi ciddi maliyyə itkisi olacaq, ancaq məşqçi məhz bunu istəyir.

Klubun rəhbəri Zaur Axundov yəqin ki, öz ampluasına qayıdacaq. Çoxdandı futbolçuları söymür, onları təhqir etmir, məşqçini hədələmir. İndi isə “xəstəliyini” xatırlatmaq üçün əsası var və Tərlanı da divara dirəməyin məqamıdı. Milinkoviçi qovduran məşqçi ondan fərqlənmirsə, bunu haqq edib.

1:5 – hətta rəqib çempion “Qarabağ” olsa da, bu nəticə Axundova sillədi. 12 oyuna 17 top buraxmış komanda bir matçdaca aşsüzənə dönürsə, deməli, məşqçi səhvi də həlledici olub. Heyət düzgün qurulmayıb, taktika səhv seçilib. Və hər şeyə görə Əhmədov cavabdehdi. Axı, o, gəldiyi vaxtlarda heyətin normal olduğunu, sadəcə, işləmək lazım gəldiyini deyirdi. O zaman belə biabırçı nəticə necə reallaşdı? Həm də səndən fərqli olaraq, rəqib 3 gün öncə də ağır oyun keçirib, üstəlik, bu müddətdə baş məşqçisinə həsrət qalıb.

Tərlan belə çətin məqamlarda həmişə kənarda günahkar axtarıb. İndiyə qədər işlədiyi bütün komandalarda belə olub. Elə bugündən bəzi futbolçuları qaralayacaq, məşqçilər heyətində olan, özü tərəfindən gətirilməyənlərə sifət edəcək. Axundova informasiyalar ötürüləcək, ayaq altı qazılacaq. 1:5-i unutdurmaq üçün hər şey ediləcək. Birtəhər qışa çatmaq, daha sonra yaya kimi baş girləmək lazımdı.

“Qarabağ”ın isə daha büdrəmək şansı yoxdu. Lider “Neftçi” ilə 5 xallıq fərq elə 5 qolla qorundu. Çempionluq yarışından qopmamaq, qışdan sonra zirvəyə qayıtmaq üçün son matçda da uğur qazanmaq vacibdi. Yenidən sonuncu pilləyə göndərilən “Keşlə”nin ardınca növbəti rəqib digər autsayder “Zirə”di. Bu matçda sensasiya olmasa, bizi 2019-da daha gərgin mübarizə gözləyir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp