Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq Dənizli təmsilçisi kolumbiyalı yarımmüdafiəçi Oskar Estupinyanı, Mərakeş əsilli fransalı müdafiəçi Zakarya Berqdişi və polşalı yarımmüdafiəçi Radoslav Muravskini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

23 yaşlı Estupinyan Portuqaliyanın “Vitoriya” klubundan 1 illik icarəyə götürülüb. 2015-ci ildən Kolumbiyanın “Onse Kaldas” klubunda peşəkar karyerasına start verən futbolçu “Vitoriya”ya 2017-ci ildə transfer olunub. Amma o, Gimaraynş klubunda möhkəmlənə bilmədiyi üçün bu ilin əvvəlində Ekvadorun “Barselona” (Quayakil) klubuna icarəyə verilmişdi.

Berqdiş də “Dənizlispor”a Portuqaliyadan gəlib. Belə ki, onun son klubu bu ölkənin yüksək liqa təmsilçisi “Belenenseş” olub. 30 yaşlı müdafiəçi geridə qalan mövsümdə bu komandanın heyətində 25 oyuna çıxıb. Mərakeş yığmasında 10-dan çox oyun keçirmiş futbolçu Türkiyə klubu ilə 1+1 illik müqaviləyə imza atıb. Onun daha öncə formasını geyindiyi klublar arasında “Lans”, “Valyadolid”, “Cenoa”, “Kordova”, “Soşo” kimi kollektivlər var.

Muravski “Dənizlispor”a azad agent statusu ilə gəlib və 2+1 illik müqaviləyə imza atıb. 25 yaşlı futbolçu son olaraq İtaliyanın “Palermo” klubunun uğurları üçün çalışıb. Polşanın “Pyast” klubunun yetirməsi olan Radoslav, Palermonun eyniadlı təmsilçisinə 2017-ci ildə transfer olunmuşdu.

617e5a1470cc47678ab6d04315bb0572 - Futbolinfo.az

Shares: