AVRO-2020-nin 3 qrup və bir 1/4 final mərhələsi oyununa ev sahibliyi edəcək Bakı azarkeşlərə böyük futbol həyəcanını yenidən yaşadır.

Futbolinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, indi hər kəsin gözü sabah Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək final mərhələsinin püşkatma mərasimindədi.

Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq. Püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün Avro-2020-nin rəsmi saytında xüsusi bölmə yaradılıb (http://baku2020.az/az/prediktor). Futbol intuisiyanız sizi yanıltmırsa və Bakıya gələcək millilərin adlarını doğru təxmin edəcəyinizi düşünürsünüzsə, o zaman bu oyun sizin üçündür!

Yalnız noyabrın 28-dən 30-dək http://baku2020.az/az/prediktor linkinə daxil olaraq qeydiyyatdan keçirsiniz və təxminləriniz əsasında Bakıya gələcək milli komandaların adlarını qeyd edirsiniz. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

 

Təxminlərlə bağlı qeydlər

Bakı A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan millisi turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyununu öz meydanında keçirəcək.

Bundan əlavə, Millətlər Liqasının 4 pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi paytaxtımızda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməz. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Hollandiya ev sahibi ölkələr olduqları üçün artıq yer aldıqları qruplar bəllidi.

 

Milli komandalar hansı səbətdədi?

Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi öncəsi səbətlərin tərkibi müəyyənləşib. Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. AÇ-2020-yə Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq 4 komanda 4-cü torbada olacaq.

Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq çempionatın B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyən olunub. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridi. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.

İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Hollandiya təmsil olunublar. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya daxil olub. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.

 

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda

 

ROMEXPO sərgi mərkəzində olacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Kim iştirak edir?

Turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Öz qrupunda ilk iki yeri tutan komandalar, habelə üçüncü yerləri tutmuş dörd ən yaxşı komanda 1/8 finala çıxacaqlar.

Bir sözlə, təsnifat mərhələsinin (2019-cu ilin noyabrında başa çatıb) 10 qrupunda birinci və ikinci yerləri tutmuş komandalar, həmçinin pley-off oyunlarının (2020-ci ilin martında keçiriləcək) dörd qalibi iştirak edəcəklər. Sonuncular püşkatmada "Pley-off oyunlarının qalibi 1", "Pley-off oyunlarının qalibi 2", "Pley-off oyunlarının qalibi 3" və "Pley-off oyunlarının qalibi 4" kimi təqdim olunacaqlar.

 

Püşkatma proseduru

24 komanda hər birində 4 ölkə olmaqla, 6 qrupa bölünəcək. AVRO-2020-nin ev sahibləri cütlüklərə bölünərək bir qrupa yerləşdiriləcək. Bütün digər məhdudiyyətləri və səpələnməni püşkatmadan əvvəl elan edəcəklər.

Səpələnmə reytinq əsasında və təsnifatın nəticələrinə görə bu meyarlara əsasən müəyyən olunur:

a) Qrupda yekun yer

b) Xallar

c) Vurulan və buraxılan topların fərqi

d) Vurulan toplar

e) Səfərdə vurulan qollar

f) Qələbələrin sayı

g) Səfər qələbələrinin sayı

h) Daha aşağı intizam göstəricisi (qırmızı vərəqəyə görə 3 xal, o cümlədən ikinci xəbərdarlığa görə avtomatik olaraq alınan qırmızı vərəqəyə və sarı vərəqəyə görə 1 xal)

i) Millətlət Liqasının reytinqi (Millətlər Liqasının reqlamenti)

Pley-off oyunlarının qalibləri dördüncü səpələnmə səbətinə düşəcəklər.

 

Bəziləri üçün qruplar bəllidi

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər avtomatik olaraq öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

 

A qrupu: İtaliya, Azərbaycan

B qrupu: Rusiya, Danimarka

C qrupu: Niderland, Rumıniya

D qrupu: İngiltərə, Şotlandiya

E qrupu: İspaniya, İrlandiya

F qrupu: Almaniya, Macarıstan

 

Əgər qrupdakı hər iki meydan sahibi AVRO-2020-yə çıxsa, onların görüşünün harada olacağını müəyyən etmək üçün püşk atılacaq. Əgər meydan sahiblərindən hansısa pley-off mərhələsində oynasa, əlavə püşkatmaya da ehtiyac ola bilər.

 

Final mərhələsi

Açılış oyunu Romada iyunun 12-də olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Qrup mərhələsi iyunun 24-də başa çatacaq, bir gündə 4-ə qədər oyun olacaq. Oyunların vaxtları sonra bildiriləcək; üçüncü turda hər qrupun oyunları eyni vaxtda keçiriləcək. 1/8 finala hər qrupdan iki güclü yığma və dörd üçüncü yer sahibi çıxacaq. Yarımfinallar və final Londonun "Uembli" stadionunda keçiriləcək.

Shares: