Milli komandanın baş məşqçi postu ətrafında müzakirələr aktuallaşıb. Bu ay AFFA İcraiyyə Komitəsi yığışmalı və Nikola Yurçeviçin xələfini müəyyənləşdirməlidi. Ona görə də namizədlərlə bağlı müxtəlif versiyaların gündəmə gətirilməsi başadüşüləndi.
İqor Ponomaryov kimi özünü ortaya atanlar, biabırçı məşqçi karyerasından utanmayıb, “millini bu qrupdan çıxararam” deyənlər də var, heç bir şansımızın olmadığını deyən qorxaq düşüncəlilər də. Əksəriyyət hər şeyin mümkün olduğunu, sadəcə, düzgün strategiya seçilməsinin vacibliyini bildirir. Əlbəttə, işə düzgün yanaşma, hazırlıq önəmlidi və zərgər dəqiqliyi ilə planlar qurulsa, bu qrup millimizin dişinə görədi.
AFFA millinin baş məşqçi ilə bağlı susur. Əcnəbi, yoxsa yerli baş məşqçinin seçilməsiylə bağlı konkret fikir yoxdu. Düzdü, əsasən xaricilərin namizədliyi müzakirə olunur, Canni de Byazi siyahının favoritidi. Lakin heç nə dəqiq deyil, çünki əcnəbi gətirməklə iş bitmir, kadr potensialımız, futbolçu ehtiyatımız kifayət qədər deyil. Bu üzdən əcnəbi gətirib, ona yüksək maaş ödəmək ağılsızlıq sayılır.
Təsadüfi deyil ki, milli komandanı martda Maltadakı toplanışa Arif Əsədov aparacaq. 2 yoxlama oyununda da yığmanın başında sabiq baş məşqçi Nikola Yurçeviçin köməkçisi olacaq. Bu, o deməkdi ki, əcnəbi məşqçinin təyinatı ilə bağlı rəhbər dairələrdə yekdil fikir yoxdu, bu üzdən məsələ uzanır. Milliyə namizəd futbolçuları Əsədov seçir, sonrasının necə olacağını isə zamanla biləcəyik.
Lakin AFFA-nın bu strategiyası doğru deyil. Qərar yubanır. Milli kimə tapşırılacaqsa, indidən nöqtə qoyulmalıdı. Hətta Arif Əsədov özü namizəd sayılırsa, ona Maltada güvəniləcəksə, bəlkə daimi məşqçi kimi müqavilə imzalansın? Və ya Şahin Diniyev, Tərlan Əhmədov, Rəşad Sadıqov – hər kim seçiləcəksə, yubanılmamalıdı. Əcnəbi sevdası bitməyibsə, sonra nəyisə bəhanə gətirməmək üçün mart çıxmamış seçim edilməlidi.
İlin sonunda Millətlər Liqasının nəticələri müzakirə olunanda AFFA təyinatda gecikmələrini səbəb göstərməməlidi, göstərsə də bu, bəraət sayılmayacaq. Zaman var və sentyabra kimi komandanı hazır vəziyyətə gətirmək üçün yeni baş məşqçi indidən işə başlamalıdı. Və bu baxımdan futbolçularımızın potensialını daha yaxşı bilən yerli məşqçinin üzərində dayanılması daha məqsədəuyğundu.
Ötən 28 il ərzində milli komandamıza 5 əcnəbi, 11 yerli mütəxəssis rəhbərlik edib. Onların nəticələrinə baxıb, qərar vermək olur. Nəticələr aşağı-yuxarı eynidi, hər şey məşqçilərdən yox, futbolçu potensialından asılıdı. Bu səbəbdən milyonları havaya sovurmaqdansa, işgüzar yerli mütəxəssisə güvənmək, onun ətrafında birləşmək gərəkdi.
1 2 3 4 5 6
Berti Foqts (Almaniya) 2008–2014 71 15 22 34
Vaqif Sadıqov 1997–99, 2002, 2005 34 7 8 19
Robert Prosineçki (Xorvatiya) 2014–2017 23 6 6 11
Şahin Diniyev 2005–2007 20 4 7 9
Karlos Alberto Torres (Braziliya) 2004–2005 18 2 5 11
Kazbek Tuayev 1995–96, 2002 13 3 3 7
İqor Ponomaryov 2000–2001 13 1 2 10
Əsgər Abdullayev 2000, 2002-04 13 1 4 8
Qurban Qurbanov 2017–2018 12 4 5 3
Nikola Yurçeviç (Xorvatiya) 2019–2020 10 1 2 7
Əhməd Ələsgərov 1999–2000 9 1 2 6
Ağasəlim Mircavadov 1994–1995 9 0 0 9
Ələkbər Məmmədov 1992–1993 5 3 1 1
Goko Haciyevski (Makedoniya, müv.) 2007–2008 3 0 1 2
Nazim Süleymanov (müvəqqəti) 2008 1 0 0 1
Mahmud Qurbanov (müvəqqəti) 2014 1 0 0 1
Kazbek Tuayev/
Ağasəlim Mircavadov (müvəqqəti) 1994 1 0 0 1
Qeyd: 1 – məşqçi, 2 – işlədiyi dövr, 3 – oyun sayı, 4 – qələbə, 5 – heç-heçə, 6 – məğlubiyyət.
Cədvəldə müxtəlif dövrlərdə milliyə daimi və ya müvəqqəti rəhbərlik edənlərin nəticələri ümumiləşdirilib. Kimin nəyə nail olduğuna özünüz qərar verin.
CAVAD