Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

O bunun yanlış məlumat olduğunu deyib: “Bu, yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”.

Vaqif Dərgahlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulması barədə yaydığı məlumata münasibət bildirib.

Polkovnik faktı təkzib edib: “Azərbaycanın tankı vurulmayıb. Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”. (APA)

Shares: