Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Dərgahlı deyib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, – nazirlik rəsmisi vurğulayıb.

“Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu qalmayıb”. Bu da Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab olaraq bildirib.

“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”.

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O deyib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.

Shares: