Yay fasiləsində xeyli oyunçusunu itirən “Qəbələ” legioner transferinə tələsmir. Əcnəbilərin əksəriyyətini yola salan bölgə klubu akademiyanın yetirmələrinə güvənəcək.
İstedadlı gənclərinin də bir neçəsini satan “qırmızı-qaralar” Premyer Liqa təcrübəsi olmayan yetirmələrinin ümidinə qalıb. Eyni zamanda ötən mövsümdən komandada qalan nisbətən təcrübəli futbolçular heyətin əsasını təşkil edəcək. Bir neçə legioner almağı planlaşdıran klub rəhbərliyi daha çox yerli veteranlara ümid bağlayır. Belə ki, onlarla gənclərin vəhdətini yaradaraq uğurlu çıxış etmək hədəflənir.
Nə qədər qəribə görünsə də, “Qəbələ” 35 yaşlı veteranın xidmətinə möhtac qalıb. Hələ 2013-14 mövsümündə bu komandanın formasını 10 oyunda geymiş Rail Məlikovun bölgəyə yollanmaq variantı yaranıb. Ötən çempionatda “Sumqayıt”da təsadüfi hallarda meydana çıxan oynayan-məşqçi indi daha bir mövsüm keçirmək niyyətindədi. Bu səbəbdən “kimyaçılar”da məşqçi kimi qalmaqdan imtina edərək toplanışa yollanmayan mərkəz müdafiəçisi karyerasını davam etdirmək fikrindədi.
İvitsa Juniçin yola salınmasından sonra müdafiənin mərkəzində yer alacağına ümid edən veteran Məlikovun komandaya hansı fayda verəcəyini zaman göstərəcək. Amma onun “Qəbələ”ylə danışıq apardığı və prinsipial razılaşma əldə etdiyi dəqiqdi.