Bütün Premyer Liqa klubları Qəbələyə yığışır. Sabah sonuncu elita təmsilçisi də bu şəhərə yola düşəcək.

Avrokubok təmsilçilərimiz – “Qarabağ”, “Neftçi” və “Sumqayıt” hazırda bu bölgədədi. Şamaxıda məskunlaşan “Keşlə” də tezliklə Qəbələyə yollanacaq. Şamaxı Olimpiya Kompleksinin süni örtüklü qazonunda hazırlıq problem yaratdığından klub rəhbərliyi toplanışın məkanını dəyişmək niyyətindədi. Hazırda otel axtarışına başlanılıb və tezliklə Avropa Liqasındakı təmsilçimiz Şamaxıyla vidalaşacaq.

Digər klublara gəlincə, “Sabah”ın ardınca “Zirə” də Qəbələdə hazırlığa başlayıb. Şəhərin eyniadlı komandası hazırlığa bu gün start verəcəksə, “Səbail” sabah yola düşəcək. Hazırda koronavirus testlərinin cavablarını gözləyən Bayıl təmsilçisi paytaxtı sonuncu tərk edən klub olacaq.

“Qəbələ” klubunun infrastrukturu, çoxsaylı meydanlar bütün klublarımızı eyni vaxtda qəbul etməyə imkan verir. Meydançalar növbəylə klubların ixtiyarına verilir, tərtib edilmiş qrafikə uyğun olaraq dəyişdirilir. Yoxlama matçları üçün də hər cür şərait var.

Türkiyə, Avstriya kimi ölkələri hər il özünə məskən seçən klublarımız hamısı bir yerə toplaşdığından sınaq matçı keçirmək baxımından da əziyyət çəkmir. İndiyədək bir oyun baş tutub – “Qarabağ” “Keşlə”ni 3:1 hesabıyla yenib. Qarşıdakı günlərdə növbəti matçlar reallaşacaq.

Koronavirus pandemiyası üzündən xaricə getməyən, Azərbaycandakı Antalyanı “kəşf edən” klubların narazılıq üçün ciddi əsası yoxdu. Yalnız otel qiymətləri bir qədər bahadı, eyni zamanda qulluqla, xidmətlə bağlı bəzi çətinliklər var. Amma ən azı aviabilet xərclərinə qənaət edildiyini nəzərə alsaq, Qəbələ elə ən sərfəli variantdı.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp