Futbol üçün istisnaların tətbiqi  gözlənilir. Qeyri-adi bir şey baş verməsə, tezliklə sərt karantin rejiminə müəyyən yumşaldılma edilməsi reallaşacaq.

Futbolinfo.az xəbər verir ki, AFFA rəhbərliyi xüsusilə avrokuboklarda iştirak edəcək klubların müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıq aparır. Quruma müraciət edilib və klubların qitəmiqyaslı yarışlarının, eləcə də milli komandaların qarşıdakı oyunlarının nəzərə alınması xahiş edilib, beynəlxalq matçlar öncəsi futbolçuların hazırlığı üçün top oyunu ilə bağlı güzəştlər istənilib.

Həm klubların, həm də milli komandaların uğurlu çıxışının təmin edilməsi üçün onlara məşq etmək üçün şərait yaradılması vacibdi. Və bunun sərt karantin rejiminin tətbiq olunduğu Bakı üçün nəzərdə tutulması gərəkdi. Çünki avqustun 31-dək bütün klublarımız avrokubok matçına çıxmalıdı və hamının Qəbələdə məskunlaşması mümkünsüzdü.

İş avrokubok oyunları ilə də bitmir. Yığmamızın Millətlər Liqasında mübarizəyə start verməsinə kimi bütün namizəd futbolçular formaya düşməlidi. Elə bu səbəbdən Premyer Liqanın startı da vacibdi. AFFA məhz bu nüansları rəhbər tutaraq Operativ Qərargaha müraciət edib.

Əldə etdiyimiz bilgiyə görə, verdiyi qərarlara bir neçə gün sonra dəyişiklik etməyi xoşlayan, vacib istisnaları əvvəlcədən nəzərə almamağı adət edən Operativ Qərargah yenə eyni addımı atacaq. Belə ki, şifahi razılıq verilib, həftə ərzində isə qərar rəsmən açıqlanacaq. Və istisna yalnız Premyer Liqa klubları üçün olacaq. Yəni, idman yarışları ilə bağlı qadağa hələ bir müddət də davam edəcək.

Shares: