Klublar dilemma qarşısındadı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı hamının planlarını pozub.

Futbolinfo.az xəbər verir ki, Qəbələdə yeni mövsümə hazırlaşan Premyer Liqa klubları avqustun ilk günlərində Bakıya qayıtmağı, hazırlığın qalan hissəsini paytaxtda keçirməyi planlaşdırırdı. Amma Operativ Qərargahın sərt karantin rejimini yumşaltmaması onların planlarını pozub. Qəbələdə daha uzun müddət qalmaq klublar üçün əlavə xərclərə səbəb olacaq, üstəlik, toplanışın son mərhələsiylə bağlı planlara da yenidən baxmaq lazım gələcək.

Bəs, klublar nə düşünür? Futbolla bağlı gözlənilən güzəştlər reallaşmasa, hazırlığın bundan sonrakı mərhələsi necə olacaq?

Maraqlıdı ki, müraciət etdiyimiz klublar da qərar verməkdə çətinlik çəkir. Demək olar, hamı ən azı futbolla bağlı müəyyən yumşalma olacağına ümid edir.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandasına verəcəyi qısa istirahət müddətində bir qərara gələcəklərini deyir: “Avqustun 5-də son sınaq oyunumuz var. Ardınca 2 günlük istirahət üçün Qəbələni tərk edəcəyik. Bundan sonra rəsmi qərara uyğun olaraq planımızı quracağıq. İstisnalar olmasa, yenidən Qəbələyə qayıtmağa məcbur olacağıq. Başqa variantımız yoxdu. Hələlik rəsmi cavabı gözləyirik”.

Digər avrokubok təmsilçimiz “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov da eyni fikirdədi: “Hələ ki, bilmirəm. Avqustun 5-də Qəbələdə son sınaq matçımız olacaq, Bakıya qayıdacağıq. Bu məsələlər rəhbərlik səviyyəsində həll olunmalıdı. Nə qərar veriləcəksə, ona uyğun plan qurmağa məcbur olacağıq”.

Digər klubların məsul şəxslərindən aldığımız cavablar da oxşardı. Hamı avqustun 5-8-i aralığında Qəbələ toplanışını bitirib, geri dönür. Bundan sonra veriləcək qərarlar isə Operativ Qərargahdan asılı olacaq.

Shares: