“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi avrokuboklarda bu ölkənin təmsilçiləri ilə daha əvvəl bir dəfə qarşılaşıb. Avropa Liqasının 2009/10 mövsümünün 2-ci təsnifat mərhələsində “Rusenburq”la qarşılaşan “atlılar” səfərdəki 0:0 hesablı heç-heçədən sonra Bakıda 1:0 qalib gələrək, növbəti mərhələyə çıxıb. Bir çox azarkeş həmin qarşılaşmanı simvolik olaraq “Qarabağ”ın sonrakı uğurlarının başlanğıcı kimi görür…

Ümumilikdə, Skandinaviya təmsilçilərinə qarşı görüşlərdəki nəticələr kifayət qədər yaxşıdı. Əslində, şimallılarla duelləri iki perioda bölmək olar: Qurban Qurbanova qədərki və Qurban Qurbanovdan sonrakı dövr. Qurbanov baş məşqçi təyin olunandan Ağdam təmsilçisi bütün hallarda mərhələni keçməyi bacarıb.

Skandinaviyalılara qarşı ilk duellər ötən əsrin sonlarında qeydə alınıb. Kubok qalibləri kubokunun 1996/97 mövsümünün 1-ci təsnifat mərhələsində Finlandiya “MüPa”sı ilə üz-üzə gələn “atlılar” Bakıda 0:1 uduzsa da, səfərdə eyni hesabla qalib gəlib. Əlavə vaxtda finlandiyalılar daha bir qol vuraraq növbəti mərhələyə yüksəlib. Eyni turnirin 1998/99 mövsümün 1-ci təsnifat mərhələsində Danimarka “Kopenhagen”i ilə duel isə faciəvi alınıb. Təmsilçimiz iki görüşün cəmində 0:10 uduzub.

Haqqında bəhs etdiyimiz “Rusenborq”la görqşdən etibarən isə “Qarabağ” həmişə mərhələ keçən tərəf olub. Elə həmin mövsüm “Rusenborq”dan sonra AL-in 3-cü təsnifat mərhələsində Finlandiya “Honka”sı ilə üz-üzə gələn komanda səfərdə 1:0, evdə 2:1 üstün olaraq tarixində ilk dəfə pley-offa yüksəlib.

Növbəti mövsüm Avropa Liqasının 2-ci təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə üz-üzə gələn komanda səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçəyə razılaşıb. Səfər qolu komandanı növbəti mərhələyə yüksəldib.

Avropa Liqasının 2013/14 mövsümünün 3-cü təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə qaşrılaşan təmsilçimiz evdə 1:0, səfərdə 2:0 üstün olub. 3 il sonra “Qarabağ”ın yolu yenidən isveçlilərlə kəsişir. AL-in pley-offunda “Göteborq”la qarşılaşan Ağdam klubu səfərdə 1:0, üvdə isə 3:0 qalib gələrək, qrup mərhələsinə çıxıb.

Skandinaviyalılarla son duel isə tarixi uğurla yadda qalıb. Çempionlar Liqasının 2017/18 mövsümünün pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələn Qurban Qurbanovun komandası Bakıda 1:0 hesabı ilə qələbə qazanıb. Cavab matçında 1:2 udumasına baxmayaraq, səfərdə vurulan qol tarixində ilk dəfə “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəldib. Bu, Azərbaycan futbolu tarixində yeganə belə uğurdu. (Futbolpress)

Shares: