Misli Premyer Liqasının ikinci mükafatçısı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.

“Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib.

Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.

“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb.

“Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.

Shares: