“Neftçi”nin sabiq serbiyalı futbolçusu və məşqçisi Vladimir Miçoviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda baş tutacaq Azərbaycan – Serbiya matçını dəyərləndirib. Futbolinfo.az saytına danışan Miçoviç serblərin qalib gələcəyini düşündüyünü bildirib.
– Azərbaycanın Portuqaliyaya 0:1 hesabı ilə uduzması birmənalı qarşılanmadı. Sizcə, yığmamız necə oynadı?
– Matçı izlədim. Görünən o idi ki, Azərbaycan az qol buraxmaq üçün müdafiədə oynayır. Bu da nizam-intizam hesabına alındı. Portuqaliyanın kəsərli hücumları az idi. Düzdü, topla daha çox oynasalar da, kəsərli hücumların sayı çox deyildi.
– Azərbaycan millisi Serbiyaya da qarşı bu cür oynamalıdır?
– Bu gün çətin qarşılaşma olacaq. Serbiya hazırda çox yaxşı vəziyyətdə və yüksək əhval-ruhiyyədədir. Bu da onlarda özlərindən əminlik yaradıb. Düşünürəm ki, Serbiya keyfiyyət hesabına Azərbaycana qalib gələcək.
– Azərbaycan yığmasının oyununu necə dəyərləndirirsiniz?
– Sakit olmayacaqlar və aqressiv oynayacaqlarını düşünürəm. Yığmanız meydanda çox qaçır və müdafiədə oynamağı bacarır. Buna görə Serbiyanı çətinlik gözləyəcək.
– Azərbaycan çempionatında oynayanda bizim millini izləmisiniz. Hazırki yığmamızla həmin yığma arasında fərq görürsünüz?
– O vaxt yaş baxımından təcrübəli futbolçular oynayırdı. İndi meydanda olanların əksəriyyəti gəncdir. Buna görə fikirləşirəm ki, yığmaya ən azı 2-3 il zaman lazımdır. Bundan sonra daha yaxşı komanda görə bilərsiniz.
– Ölkə çempionatını izləyirsiz?
– Əlbəttə. “Neftçi” çempionluğa oynayır və bu, məni çox sevindirir. Onlara sona qədər azarkeşlik edəcəm. Hazırda Azərbaycan çempionatının səviyyəsi əvvəlki illərdən çox aşağıdır. O zaman 4-5 komanda çempionluq üçün sona qədər yarışırdı.
– Millimizdə diqqət çəkən hansısa futbolçu gördünüzmü?
– Əksəriyyət gənc oyunçulardır və təcrübəlilərdən kimsə yoxdur. Fikirləşirəm ki, hamısı eyni səviyyədədirlər.
– Yığmamızın baş məşqçisi Canni de Byaziyə hansı məsləhəti verərdiniz?
– Ancaq Portuqaliya ilə matçdakı kimi nizam-intizamlı müdafiə olunmaq. Çox qaçmaq lazımdır və bütün zonaları bağlamalıdırlar. Fərdi səhvlər olmadan bunu etsələr, nəticə gələ bilər.
FƏRİD