Sərlövhə sizi çaşdırmasın. Azərbaycan kubokunun finalına vəsiqənin memarları bu iki şəxsdi. Biri məşqçi bacarığı, zəhməti, alın təri, ləyaqəti ilə komandasını həlledici görüşə yüksəltdisə, digəri bunu idarəçi bacarığı, hiyləgərliyi, məkri, fürsətcilliyi ilə bacardı.

“Sumqayıt” Ayxan Abbasovun sayəsində tarixinin ikinci finalını yaşayacaq. “Kimyaçılar” yarışın birmənalı olaraq favoriti sayılan “Qarabağ”dan iki oyunun, yekunda 210 dəqiqənin tamamında qol buraxmadan üstün oldu. Ağdamlılar dünənki matçda Bədavi Hüseynova qarşı kobudluğa görə təyin edilməyən penaltini qabartmır və düz də edirlər. Çünki Qurban Qurbanov bir epizoddan yapışacaq qədər bacarıqsız məşqçi deyil. Sadəcə, Abbasov rəqibi daha yaxşı analiz etdiyindən, komandasını oyuna daha yaxşı hazırladığından və daha motivasiyalı olduqlarından mərhələni “Sumqayıt” keçdi. “Qarabağ” daha yaxşı heyət və imkanlarla bunu bacarmadısa, özündən küssün.

Səfərdəki 0:0 “Qarabağ”ı arxayınlaşdırmışdı. Qurbanovun güvəndiyi heyətdən görünürdü ki, ağdamlılar ehtiyatlı oynamaq, lazım olan qolu vuraraq finala adlamaq istəyir. Amma Abbasov müdafiədə əla qapanmağı bacardı, rəqibinə ciddi şans vermədi. Əvəzetmələrlə oyunu dəyişə bilməyən Qurban bəy tələbəsi qarşısında ağ bayraq qaldırmalı oldu. Əlavə vaxtda da hesab açılmayınca iş penaltilər seriyasına kimi uzandı və “Sumqayıt” arzusuna çatdı.

Çempionatda lider olsa da, “Qarabağ”ın hələ qızıl medalları əldən vermək təhlükəsi də var. İstənilən halda, bu mövsüm “atlılar”a dərs olmalıdı. Heyətin gücləndirilməməsi azmış kimi, qışda yola salınan futbolçuların yoxluğu artıq bir titulun itirilməsi ilə nəticələnib. Komandanın oyun dəst-xəttinə də əl gəzdirmək lazımdı. “Qarabağ”ın oyun tərzi hamı üçün aydındı və ağıllı məşqçilər bu komandanı dayandırmağı bacarır. Bu mövsüm belə hallar daha çox təkrarlanır.

Ümumiyyətlə, “Sumqayıt”ın kubokdakı uğuru təsadüf sayılmamalıdı. Abbasov əvvəl də “Qarabağ”ı mübarizədən kənarlaşdırıb, sonda finalda oynamışdı. Yekunlaşmayan ötən mövsümdə isə “kimyaçılar” “Neftçi”yə eyni aqibəti yaşatmışdı.

Yarımfinalın digər cavab görüşündə başverənlər isə təəssüf ki, futbolun önünə keçdi. Baxmayaraq ki, hesab 1:1 olarkən Rodriqo Bonqonquinin meydandan çıxarılması, əvəzinə Lazar Corceviçin buraxılması Rəşad Sadıqovun səhvi idi. “Zirə”nin baş məşqçisi hesabı qorumaq üçün müdafiəçini meydana buraxanda serbin canlı bomba olduğunu, bir neçə dəfə komandanı pis vəziyyətdə qoyduğunu unutdu. Rodriqo hətta yorulmuş halı ilə komandaya daha faydalıydı, irəlidə top saxlayırdı. Müdafiəçi sayını çoxaltmaqla “Zirə” “Keşlə”ni hücuma daha çox vaxt ayırmağa təşviq etdi.

Sənan Qurbanovu hətta Azərbaycan səviyyəsində yaxşı məşqçi saymasam da, dünən bəzi qərarları ilə cəsarətli olduğunu göstərdi. Mərkəz müdafiəçisini hücumameylli futbolçuyla əvəzləməklə qol istəyini göstərən məşqçi yanılmadı. Düzdü, qələbənin əsas səbəbi başqa idi, amma o da məşqçi kimi riskini etdi.

“Zirə” finala vəsiqəni ilk oyunda 3-cü qolu sayılmayanda və hakimlərin qərəzli qərarına susanda uduzmuşdu. Səfərdə 2:1 uğurlu nəticə sayılsa da, zaman göstərdi ki, məhz sakit dayananların, haqqını müdafiə etməyənlərin aqibəti pis olur. Haqsızlığa boyun əydinsə, bunun davamı gələcək və hər şey bitəndən sonra deyilən sözün dəyəri qalmayacaq.

Cavab oyununun ilk hissəsi “qartallar”ın istədiyi kimi bitdi. Hətta 0:1 hesablı məğlubiyyətin sərf etdiyi görüşdə hesabın açılmaması “Zirə”nin xeyrinə idi. Sadıqovun fasilədə sürətli əks-hücumları reallaşdırmaq üçün meydana buraxdığı David Volkov ümidi doğrultdu, qol təşkil etdi və məşqçinin B planını işə saldı. Lakin ani diqqətsizlikdən sonra qonaqlar bərabərlik qolunu vurdu, mübarizə qızışdı.

Matçdan bir neçə saat öncə “Futbolinfo”da Elçin Məsiyevlə bağlı statistika təqdim etmişdik. “Keşlə”nin hakimi” olan FIFA referisiylə bağlı bütün həqiqətlər o yazıda əksini tapmışdı və əmin idik ki, bu adam “Keşlə”nin məyusluğuna imkan verməz. Əsas vaxtın son dəqiqələrdə Məsiyev həm bizi haqlı çıxardıb, günün qalibi etdi, həm də xislətini növbəti dəfə təsdiqlədi. Qondarma penalti, qırmızı vərəqə və hər şey bir anda “Keşlə”nin xeyrinə dəyişdi. Sezar Meza Kolli hədiyyəni – 11 metrlik zərbəni qola çevirib, matçın əlavə vaxta getməsini təmin etdi. Ardınca daha bir möhtəşəm qolla het-trikini rəsmiləşdirən paraqvaylı işi bitirdi. Qalan dəqiqələrdə kortəbii irəli atılan “Zirə” fərqi azaltsa da, rəqibin səfər qolu sayəsində finala adlamasına əngəl ola bilmədi.

Penalti var idimi? “CBC Sport”un çəkiliş görüntülərindən hakimin haqlı olduğunu isbat edən bircə fraqment tapa bilmədik. Corceviçin Anatoli Abanqla ikili mübarizəsi adi oyun epizodu idi. Belə anlarda penalti təyin edilməməlidi, amma Məsiyevə kiçicik səbəb lazım idi və o, anı qaçırmadı.

Eyni epizod fevralı 20-də bu komandaların 16-cı tur qarşılaşmasında da reallaşmışdı. 2:2 bitən matçın 61-ci dəqiqəsində həmin Abanq Dimitrios Çantakiasla ikili mübarizə zamanı simulyasiya etmiş və rəqibin meydandan qovulmasına səbəb olmuşdu. Həmin oyunu da Məsiyev idarə edirdi və kiçicik ədalət hissi var idisə, dünən ən azı o qarşılaşmanı yada salmalıydı. Lakin məqsəd “Zirə”nin dayandırılmasıdısa, vicdan yada düşmür. Lazar tələyə düşmüşdü, fürsət qaçırılmadı. Sezar 3-cü qolu vurmasaydı, onu da hakimlər vuracaqdı.

Bu matçı Zaur Axundov qazandı. Futzal federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü olan “Keşlə”nin Müşahidə Şurasının sədri illərdi belə işlərlə məşğuldu. Futbolun inkişafına cavabdeh olan o və onun kimilər layiqli mübarizədə bacarıqsızdı, komandası autsayderdi. Hər il AFFA-nın vasitəsilə SOCAR-dan gələn və havaya sovrulan 5-6 milyon manatın hesabatını vermək üçün nəticə göstərmək lazımdı. Səriştəsizlikdən meydan mübarizəsində nəticələr ürəkaçan deyil, əvəzində hakimlər vasitəsi ilə finala vəsiqə qazanıldı və mövsüm xilas olundu. Cəmi iki rəqibi keçməklə finala düşmək mümkün idi – divizion klubu “Kəpəz”i ilk oyunda təyin edilən yanlış penaltiylə, “Zirə”ni isə hər iki matçda laysmanların kobud səhvləriylə keçdilər.

zaurer - Futbolinfo.az

Bu qələbə təkcə finalçının adını müəyyən etmədi. Axundov Azərbaycan futbolunun siması sayılan azsaylı şəxslərdən biri olan, əməyiylə zirvəyə yüksələn Rəşad Sadıqov da əzələ nümayiş etdirdi. Sarı vərəqə düşmədiyi halda qırmızı vərəqə alan məşqçi gözdən salındı, xarizmasına xələl gəldi, eyni zamanda ona “siz nə qədər vicdanla işləyirsizsə, işləyin, müqəddəratı biz həll edirik” mesajı verildi. Sadıqov və onun kimilərin əziyyəti beləcə güc hesabına bir qərarla yerə vuruldu.

İndi eyni təhlükə Abbasovu gözləyir. Finalda Zaur bəy növbəti iyrənc oyuna əl atacaq. “Sumqayıt” avrokuboklara yollanmaq istəyirsə, çempionatda 3-cü pilləni tutmalıdı, kubok artıq “Keşlə”nin muzeyindədi. Ayxan bəy yaxşı məşqçi ola bilər, amma klubu Axundov kimi arxalı məmurlarla bacaracaq gücdə deyil. Bu, Azərbaycan reallığıdı.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp