Gəncəli azarkeşlər “Kəpəz”in nəticələrindən narazıdı. I divizion klubunun 10 komanda arasında 6-cı olması onların narazılığının əsas səbəbidi və baş məşqçi Yaşar Vahabzadənin istefa verməsini istəyirlər.

Ardıcıl iki mövsümdü Qərb təmsilçisinin “sükanı arxasında” olan Vahabzadə “Kəpəz”i zirvəyə qaldıra bilmir. Klub divizion təmsilçiləri arasında ən yüksək büdcəyə sahib olsa da, ümidləri doğrultmur. Vahabzadənin özüylə Bakıdan gətirdiyi 6 futbolçunun zıif çıxışı isə yerli azarkeşləri daha çox hiddətləndirib.

Bu üzdən son turda “Turan Tovuz”la heç-heçə bitən matçın ardından bir qrup azarkeş klubun bazasına gələrək məşqçinin istefasını istəyib. Məşqçilərin istəyi ilə bazaya polislər çağırılıb və asayiş keşikçiləri narazılığın böyüməsinin qarşısını alıb. Bununla belə, fanatlar narazılıqlarından qalmır. Onların pandemiya qadağaları səbəbindən tribunalara girişinə icazə verilmədiyindən, baza ətrafında yığışaraq rəhbərliyə təzyiqi davam etdirirlər.

Klub rəhbərliyi azarkeşlərin narazılığını anlayışla qarşılayır, amma Vahabzadəni postundan uzaqlaşdıra bilmirlər. Klubun büdcəsi AFFA tərəfindən ayrıldığından, məşqçilər də bu qurumdan göndərilib və maliyyə amili həlledici rol oynayır. Rəhbərlik formal fiqurlara çevriliblər, qərar vermək hüquqları yoxdur.

AFFA tərəfindən “Kəpəz”ə koordinator təyin olunan İsgəndər Cavadovu isə indiyədək Gəncədə görən olmayıb. İcraiyyə Komitəsinin üzvü klubla ümumiyyətlə, maraqlanmır, sadəcə, kartına köçürülən maaşı xərcləməklə işini bitmiş sayır.

Son olaylarla bağlı klubun icraçı direktoru İlqar Nadirinin fikirlərini öyrəndik. Maraqlıdı ki, o da nəticələrdən narazıdı: “Komandanın uğursuz çıxışı bir klub rəhbəri kimi, bir azarkeş kimi məni qane etmir. Bunun da səbəbləri var. Mövsüm bitəndən sonra bunu araşdırmağa çalışacağıq. İlk dövrədə yaxşı oynadıq, kubokda azarkeşləri sevindirdik. Sonra komandada sanki yorğunluq yarandı və uğursuzluq baş verdi. Məşqçilərdən bunun səbəbini soruşmuşam. Nəticə etibarı ilə komandanın çıxışı bizi qane etmir. Çempionat hələ davam edir, sonu gözləmək lazımdı”.

Nadiri “Baş məşqçinin işindən razısızmı” sualına dəqiq cavab vermədi: “Bu, çətin oldu. Niyə? Ona görə ki, komanda bu gün 6-ci yerde gedirsə, müəyyən qədər narazılıq ola bilər. Amma bu gün məşqçi yerli uşaqları oynadıb, onlara şans verməyə çalışırsa, bundan razıyam. İnanıram ki, tezliklə komandanı istədiyimiz formada görə biləcəyik”.

İlqar bəy azarkeşlərlə bağlı sualdan da diplomatcasına yayınmağa çalışdı: “Əslində, qalmaqal olmayıb. Komanda uduzur, azarkeşlər görüşüb baş məşqçiyə iradlarını çatdırmaq istəyir. Azarkeşlər həmişə komandaya sözlərini deyə bilərlər. Pandemiyaya görə stadiona gələ bilmirlər. Tovuzdan gələndə baş məşqçi təklif etdi ki, başqa vaxt az şəkildə, kiçik tərkiblə azarkeşlər gəlib görüşə bilərlər. Bu da mövcud vəziyyətə görə başadüşüləndir. Burda heç bir problem yoxdur”.

Nadirinin cavabları azarkeşlərin tələbi ilə AFFA-nın əmrinin arasında var-gəl etməkdən başqa bir şey deyil. Özünü tərəflərin heç biri ilə pis etmir, həm də guya narahat olduğunu göstərməyə çalışır. Özü də AFFA tərəfindən göndərilən biri üçün normal davranışdı. Lakin belə diplomatiya nə nəticələrin yaxşılaşmasına, nə də azarkeşlərin razı qalmasına kifayət etməyəcək.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp