“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviçin Azərbaycanla bağlı xoş xatirələri olmalıdı. 5 il Bakı klubunun şərəfini qoruyan serbiyalı uğurlu çıxışıyla yadda qalmışdı. İndi isə onun oğlu ölkəmizə gəlir. Paytaxtımızda yaşamağa imkan tapmış Novak indi özü çərçivə qoruyucusudu, atasının yolunu davam etdirir.

“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi “Çukariçki”nin formasını geyən 20 yaşlı qolkiperi rəqib qismində görəcəyik. Sebiyada 0:0 bitən ilk oyunda olduğu kimi, cavab matçında da kiçik Miçoviçin ehtiyatda qalacağı dəqiqdi. “Futbolinfo”ya müsahibə verən atası da belə düşünür.

– Sumqayıt” və “Çukariçki” bu dəfə Bakıda üz-üzə gələcəklər. Sizcə, kim mərhələ keçəcək?

– Məncə, şanslar bərabərdir. Hər iki komanda çətin və maraqlı oyuna çıxacaq. Gərgin qarşılaşma bizi gözləyir. Bu səbəbdən heç kimi üstün saymıram.

– “Çukariçki” evdə üstün oynasa da, qalib gələ bilmədi. Bunun səbəbini nədə görürsüz?

– Komanda evdə yaxşı futbol oynadı. Çox epizod yaratdılar. Üstəlik, gənc komandadır və heyətdə cavan futbolçular çoxdur. Bəlkə də buna görə epizodları qola çevirə bilmədilər. Təcrübə çatışmazlığı qol vurmağa mane oldu.

– Oğlunuz Bakıya gələcək. Ona Azərbaycan haqqında danışmısız?

– Oğlum ehtiyat skamyada olacaq. Mən “Neftçi”də oynayanda oğlum da Bakıda olub. Orada oynayanda o, mənimlə Azərbaycanda yaşayırdı. İndi də çox sevinir ki, yenidən Bakıya gələcək.

– Siz də Azərbaycana gələcəksiz?

– İşimə görə futbola çox gedə bilmirəm. O səbəbdən Bakıya da gələ bilməyəcəm.

– “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu tanıyırsız. Onunla Serbiyada görüşdünüzmü?

– Əlbəttə ki, onu tanıyıram. Çünki biz Bakıda üz-üzə gəlmişik. Amma onunla görüşməmişəm.

FƏRİD

Shares: