İsraildə “Aşdod” klubuna qarşı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda (1:0) zədələnən “Qarabağ”ın futbolçusu Rahil Məmmədovun durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu gün MRT müayinəsindən keçən 26 yaşlı müdafiəçinin bir müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında bildirib. Həkimlərin ilkin diaqnozuna görə, Məmmədov Kiprin AEL komandasına qarşı 3-cü təsnifat mərhələsinin hər iki görüşünü buraxacaq.

“Qarabağ”da digər mərkəz müdafiəçilərindən Bədavi Hüseynovla Maksim Medvedev də zədə səbəbindən komandaya kömək edə bilmir. Bundan əlavə, sol cinah müdafiəçisi Elvin Cəfərquliyev də uzun müddətə sıradan çıxıb.

Qeyd edək ki, “Qarabağ” Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Shares: