* “Təşkilat” serialının mövzusu hamıya bəllidir, AFFA heyəti, ehtiyatlı ol.

* Formanızı MİT geyinibsə, yəqin növbəti seriada kimsə öləcək. AFFA = uğursuzluq.

* Ayda-ildə bir dəfə adınızla bağlı ölkədən kənarda uğurlu bir şey olmuşdu , onu da özünüz etməyibmişsiniz.

 

Bu cümlələr AFFA-nın sosial şəbəkə hesabındakı paylaşıma gələn izləyici şərhləridi. Mövzu nə olursa olsun, qurumun paylaşımlarının şərh bölümü belə ifadələrlə zəngin olur. 14 ildi aldadılan azarkeşlər indi hətta müsbət bir şey olanda da reaksiyasını dəyişmir, tənqidlər, bəzən təhqirlər, ən yaxşı halda gülüş emojiləri… Bu qədər rəy arasında bircə xoş söz görməmək isə çox düşündürücüdü.

 

Türkiyənin TRT1 kanalında yayımlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olunmasından xəbərdarsız. Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı düşündürücü idi. Geyim və loqonun istifadəsinə icazənin hansı marağa xidmət etməsini, AFFA-nın bundan nə qədər qazanc əldə etməsini öyrənməyə çalışdıq.

 

Tezliklə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirləri mətbuatda peyda oldu: “Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında… Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub”.

 

Dünən günün sonunda isə prosesin yekunu kimi bu açıqlama yayıldı – məsələyə rəsmi münasibətini saytı vasitəsi ilə bildirdi: “Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”.

 

Əslində, belə olmamalı, AFFA təzinat tələb etməli, ən azı qarşı tərəfin üzrxahlığı olmalıydı. Məqsəd gündəmi dəyişməkdisə, o başqa məsələ. Elə qurumun olaya münasibətindən də görünür ki, yalançı “iş görüntüsü” yaradılmasına çalışılıb. Hətta söz-söhbət gəzir ki, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCAR-ın xətti ilə baş verib, şirkətin Türkiyə nümayəndəliyi belə bir addım atıb.

 

AFFA-nın icraçı vitse-prezidenti, ölkə futbolunun baş dəlləyi Elxan Məmmədov kino sahəsinə yad biri deyil. O, hələ 24 yaşında “Bəyaz həyat” filmində epizodik rol alıb. Agent obrazı yaradan birinin rəhbərlik etdiyi qurumun loqosunun indi motivi bəlli “Teşkilat”da peyda olması təsadüf sayılmamalıdı. Türklər bu epizoda görə rəsmi açıqlama verməsə, reklam anlaşması ilə bağlı gizlinləri, kimlərinsə cibinə gedən pulların hesabatını istəmək lazım gələcək.

 

FƏRİD

1454660354 elxan memmedov film - Futbolinfo.az
Shares: