Bir addım irəli, iki addım geri – “Qələbə” özünə yeni strategiya seçib, itirilən iki xala üzülməkdənsə, qazanılan bir xala sevinirlər. Və yavaş-yavaş avrokuboka vəsiqədən uzaqlaşırlar.

Komanda aşkar autsayderlərlə son 2 oyunda 5 xal itirib. “Səbail” darmadağını azmış kimi dünən evdə sonuncu qələbəsini ötən ilin oktyabrında qazanmış “Sumqayıt”la bacarmadılar. Qonaqlar matçın əvvəlində hesabı açdı, 2-ci hissədə üstünlüyü qorumağa çalışdı və son saniyələrdəki kuryoz qolla xal bölgüsünə razılaşdı.

Meydanda gəzişməklə məşğul olan Rəhim Sadıqov və yoldaşları fantastik futbol sərgiləmədi, heç xala da layiq deyildilər. Lakin “Qəbələ” o qədər bərbad oynadı ki, Aleksey Baqa ölkəmizdə ilk qələbəsini qazana bilmədiyi üçün başına döyməli, bacarıqsızlığını etiraf etməlidi.

Bir neçə gün öncə yazdıqlarımız təsdiqlənir. “Qəbələ” bu gedişlə avrokuboklardan kənar qalacaq. Elə bu gün “Sabah” qələbə qazanmaqla bölgə təmsilçisini ilk “dördlük”dən kənara ata bilər. Hətta “Neftçi”ylə oyunda bu, mümkün olmasa da, Murad Musayevin yetirmələrinin “qırmızı-qaralar”ı ötəcəyi gün uzaqda deyil.

“Qəbələ”də xaos var, baş məşqçi Elmar Baxşıyev təkbaşına ağır yükü daşıya bilmir, rəhbərliyin isə durumu düzəltmək üçün səriştəsi yoxdu. Sabiq baş menecer Zaur Əzizovun gedişindən sonra yiyəsiz qalan komanda ilk 2 dövrədə yığdığı xal ehtiyatını tükədib, son nəfəsdədi. Qarşıda 5 çətin oyun var, onlardan 4-ü avrokubok iddiaçılarına qarşıdı. “Qarabağ”la növbəti matçdan başlayaraq “Qəbələ”nin müsibətli günləri sıralanacaq. Liderə qarşı 2 kubok oyunu isə əlavə xoşagəlməz sürprizdi.

“Qəbələ” məhdud büdcəylə çox gözəl qurulmuş, azarkeş sevgisi qazanmış, zövq verən futbol oynayan bir komanda idi. Prezident Fariz Nəcəfov papağını günə verdi, Heydərovlar AFFA-nın pullarıyla kifayətlənib kluba diqqət göstərmədi, digər idarəçilər bacarıqsız çıxdı və baş məşqçi Elmar Baxşıyev futbolçulara təkbaşına nəzarət edə, onları tempdə saxlaya bilmədi. Nəticədə 6 oyundu qələbə üzü görməyən “Qəbələ” əla şansı əldən verdi, bundan sonra klubun gələcəyi də sual altındadı.

Dünən hər iki komanda vacib xallar itirdi – biri avrokuboka vəsiqə, digəri autsayderlər qrupundan uzaqlaşma yarışında büdrədi. Qonaqların qolu təsadüfi, meydan sahiblərinin cavabı kuryoz alındı. Meydandakı mübarizəyə görə heç kim qola layiq deyildi və nəticə ədalətli oldu. Beləcə paytaxtı təmsil etməyən 2 komanda hədəflərindən uzaq düşdü. Hər ikisi bərbad idarəçilik üzündən indiki durumdadı, davamı daha pis olacaq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp