“Qarabağ”ın polşalı sabiq müdafiəçisi Yakub Jezniçakın futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Çempionlar Liqasının ilk təsnifat mərhələsinin birinci görüşündə “Lex”ə 0:1 uduzdu. Həmyerlilərinin qələbəsini gözləyirdin?
– Gözlədiyim kimi, “Qarabağ” üçün heç də asan oyun olmadı. İlk hissədə Ağdam klubu topu özündə saxladı və ilk hissənin ən yaxşısı idi. Amma “Lex” də yaxşı müdafiə olunurdu. Əks-hücumlara bel bağladılar və qol vurdular. İkinci hissədə “Qarabağ” daha çox hücum etməyə və avantaj qazanmağa çalışdı. “Lex” də əks-hücumlarda təhlükəli idi.
– Bakıda “Qarabağ”dan necə oyun gözləyirsən?
– Bakıda “Qarabağ” favorit olacaq. Matçın Poznandakı oyunun ilk hissəsindəki kimi keçəcəyini düşünürəm. “Qarabağ” hücum xəttində daha effektiv olmağa çalışmalıdır, eyni zamanda “Lex”in təhlükəli əks-hücumlarını zərərsizləşdirməlidir.
– “Qarabağ”ın Poznandakı oyunda əsas problemi nə idi?
– Fikrimcə, ən böyük problem “Qarabağ”ın effektiv ola bilməməsi idi. Onlar qol epizodları yaratsalar da, istədiklərini ala bilmədilər.
– “Lex” Bakıda ancaq müdafiə olunacaq?
– Poznan klubu Bakıda da evdəki kimi oynayacaq. Müdafiəyə fokuslanıb əks-hücum şansı axtaracaqlar. Çox maraqlı oyun olacaq. Futbol “Qarabağ”ın tərəfindən oynanılacaq və şans yaradacaqlar. Amma “Lex” yaxşı müdafiə oluna bilir.
ŞAHSUVAR