Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən 16-cı Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə fərdi yarışlar başa çatıb.
Futbolinfo.az xəbər verir ki, bu gün +100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Kənan Nəsibov polşalı idmançı Miloş Kloza qalib gələrək bürünc medala yiyələnib.
Bu Azərbaycanın EYOF-da qazandığı sayca 7-ci medal olub. Belə ki, daha öncə Fidan Əlizadə (-57) qızıl, Könül Əliyeva (-48 kq), Murad Əliyev (-55 kq), Nurlan Kərimli (-60 kq) və İsmayıl Zamanov (-81 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) isə bürünc medal qazanmışdı.
Bundan əlavə Xumar Qasımzadə (-44 kq), Eltac Yusifli (-66 kq) və Əjdər Bağırov (-100 kq) yarışı 5-ci yerdə tamamlayıblar.
Beləliklə, 12 nəfərlik heyətlə yarışan komandamızın 10 üzvü yarışların medallar uğrunda mərhələsinə qədər irəliləyib və onlardan 7-si medal əldə edib.
Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda 4-cü yeri, qızlarda isə 2-ci yeri tutub.
30 iyulda qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.