Futbol üzrə Azərbaycan millisinin Şimali İrlandiya üzərindəki qələbəsi sevindirici olsa da, bu barədə eyforiyaya qapılmaq düzgün olmazdı. Futbolinfo.az xəbər verir ki, bu qələbə Berti Foqtsun milidəki yerini bərkitsə də, son qərarı AFFA verəcək. 

Bəs görəsən bir vaxtlar millidə top qovmuş futbolçularımız Foqtsun işinin davam etdirməsinin lehinədilərmi? Onlardan bir neçəsi ilə əlaqə saxlayaraq “Foqts millidə qalsın, yoxsa getsin” suali ilə müraciət etdik: 

Namiq Yusifov: “Məh hər zaman yerli mütəxxəsislərə üstünlük vermişəm. Amma məşqçini biz seçmirik, bu işə AFFA baxır. O ki qaldı Şimali İrlandiya ilə oyuna, onlar elə də güclü rəqib deyil. Bunu hamı bilir. Yəni məğlub ediləcək rəqibdi. Düzdü, uşaqlar yaxşı oynadılar, onların əziyyətini yerə vurmaq istəmirəm. Bir oyunla Foqtsun işinə qiymət vermək olmaz. Əsas 6 il ərzində əldə olunan nəticələrə baxılmalıdı. Xatırlayırsınızsa, biz Şimali İrlandiya ilə daha əvvəl də qarşılaşmışıq. O vaxtkı oyun qolsuz bərabərliklə bitmişdi. Amma onda indiki şərait yox idi. Yəni demək istəyirəm ki, bir qələbə hər şeyi həll etmir”. 

Arif İsayev: “Foqtsun qalmasının tərəfdarıyam. Hər tsikildə xallar get-gedə artır. Məncə, bir müddət də qalıb işləməlidi. Amma doğru qərarı təbii ki, AFFA verəcək. O ki qaldı mənim yığmaya çağırılmamağıma, ola bilər ki hansısa əskiklərim var. Amma məni ilk dəfə milliyə elə Foqts çağırıb. “Qəbələ”də oynadığım dövrdə. Qətər toplanışında da olmuşam”. 

Cahangir Həsənzadə: “Şimali İrlandya üzərindəki qələbəni yalnız Foqtsun əməyi kimi qələmə vermək düzgün olmazdı. Uşaqlar çox çalışdılar.Ümumilikdə, Foqtsun işini qənaətbəxş saymaq da olar, saymamaq da. Çünki Lüksemburq kimi komandaya qalib gələ bilməmək amili var. Yenə də son qərarı AFFA verəcək. Rusiya ilə oyunda lazımi nəticə əldə olunsa, bu, AFFA-nın qərarına öz təsirini göstərəcək. Amma futbolçularımızda yorğunluq var”. 

KƏMALƏ söhbətləşib

Shares: