Peşəkar Futbol Liqası yeni mövsümlə bağlı suallara aydınlıq gətirib. Premyer Liqanın start tarixini daha öncə açıqlayan qurum indi də digər yarışlarla bağlı son qərarı verib.

Futbolinfo.az xəbər verir ki, bundan sonra Liqa adlanacaq Birinci Divizionda yeni mövsüm sentyabrın 13-də başlayacaq. Burada limit “8+3” kimi rəsdiq olunub. Yəni start heyətində 8 azərbaycanlı futbolçunun oynaması şərtdir. Komandalar yalnız 3 legioneri eyni vaxtda meydana buraxa bilər.

Əldə etdiyimiz bu xəbəri PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev də təsdiqlədi. Bununla yanaşı o, əvəzedicilərlə bağlı da son qərarın artıq verildiyini bildirdi. Bu mövsümdə yenidən təşkil olunacaq çempionat avqustun 5-də – Premyer Liqanın startından bir gün sonra başlayacaq. Burada limit “7+4” olacaq. Klubların start heyətdə 2002-ci il təvəllüdlü və daha gənc 7 oyunçunun xidmətindən yararlanması şərtdir. Qalan 4 yer sərbəstdir və legionerlərin də xidmətindən istifadə edilməsi mümkündür.

Qurum rəsmisindən İkinci Liqa ilə bağlı da informasiya almaq istədik. Lakin bəlli oldu ki, bu yarışla bağlı detallar dəqiqləşmədiyindən qərar daha sonra olacaq.

Shares: