Zaman ildırım sürəti ilə ötüb keçir. Dünən gənclik dövrünü yaşayanlar, bu gün müdriklik yaşına qədəm qoyurlar. Elələri də olur ki, elə gənclik vaxtlarından meydanda müdrik futbol nümayiş etdirməklə zamanı qabaqlayırlar…
Bəxtiyar Musayev ötən əsrin 90-cı illərində Azərbaycanın ən istedadlı, özünəməxsus yüksək texnikaya malik perspektivli futbolçularından idi. Bu gün Bəxtiyar kimi futbolçuları günəş işığında çıraqla axtarırlar…
Zamanında Bəxtiyar Musayevlə yaşıl meydanlarda hakim-futbolçu kimi onlarla, bəlkə də yüzlərlə oyunda qarşı-qarşıya gəlmişik, 90 dəqiqələri birlikdə tamamlamışıq. Bəxtiyar gənclik illərindən yaşına uyğun olmayan liderlik keyfiyyətləri ilə seçilirdi…
Yüksək texnikası ilə topu ram edərək 360 dərəcə fırlanaraq futbolçuları başına toplayardı. Top sanki Bəxtiyar Musayevin ayağına yapışırdı, rəqiblərin onu yıxmaqdan, tutub saxlamaqdan başqa çarəsi qalmazdı…
Bəxtiyar Musayev qol vurmaqdan daha çox, meydanda oyunu idarə etməyi, hücumun səmtini dəyişməyi, bir ötürmə ilə komanda yoldaşlarını qapıçı ilə üz-üzə qoymağı xoşlayırdı. Topu özündə saxlamağı bacarsa da, yersiz top itkilərinə yol verməzdi…
Top Bəxtiyarda idisə, rəqiblər çaş-baş qalır, ən azı 3-5 gedişi fikirləşirdi. Oyunu mükəmməl oxuyurdu, özünə çox inamlı idi. Oyun qurucusu kimi öz dövrünün əvəzolunmazlarından sayılırdı. Portuqaliya ilə matç indi də azarkeşlərin xatirindədir. Bəxtiyarın bir qol ötürməsi və Zaur Tağızadənin qapıçı ilə üz-üzə qalması…
Kimliyindən asılı olmayaraq, meydanda texnikalı futbolçuları hər zaman qoruyardım. “Texnar”lar rəqiblər tərəfindən “döyülürdü”, şaqqalanırdı, ayaqları qan içində olurdu. Qəddarlığa imkan vermirdim. Yaradıcı futbolçular, bu münasibətimi hiss edirdilər…
Azarkeşlər belə oyunçulara görə tribunalara axışırlar, onlara xüsusi münasibət göstərirlər, fanatların sevimli futbolçularına çevrilirlər.
Futbol adına yaşıl meydanlarda texnikalı futbolçuların “qəssab”lardan qorunması mütləqdir! Bəxtiyarla nə vaxtsa meydanda mübahisə etdiyimiz yadıma gəlmir…
Zaman keçdi, tale, qismət elə gətirdi ki, “Neftçi”də uzun müddət bir yerdə çalışdıq, vaxtilə meydanda rəsmi görüşlərimizdən savayı, bir-birimizi daha yaxından tanıdıq, klubda əməyi keçənlərlə birgə komandanın böyük bir yükünü, formalaşmasını üzərimizə götürdük…
İnsan yolda, səfərdə tanınar, deyiblər. Bəxtiyar Musayevlə “Neftçi” adına uzun Braziliya yolçuluğumuz oldu. Futbola baxışımız, böyük ölçüdə üst-üstə düşürdü. Buna baxmayaraq, bir-birimizin futbol fəlsəfəsini dərk, qəbul edənə kimi saatlarla, günlərlə fikir mübadilələri, hətta, ümumi işin xeyirinə, mübahisələr edirdik.
Hər ikimiz hücum futboluna, texniki, yaradıcı imkanları yüksək, geniş olan futbolçulara üstünlük veririk. Bizim fəlsəfəmizdə, müasir futbolun tələblərinə uyğun, hətta qapıçı da ayaqla lazımı səviyyədə futbol oynamağı bacarmalıdır. Belə bir seçimimiz də var idi…
Braziliya A seriyasından “Avai”nin qapıçısını bəyənmişdik. Seçimdə digər braziliyalıların olduğunu, komandada çoxluq təşkil ediləcəyini nəzərə alaraq, maliyyədə də sərfəli olan Stamenkoviçə üstünlük verildi. Beləcə böyük əziyyətlər sayəsində başa gələn Flavinyo, Rodriqinyo, Bertuççi və digər futbolçularla “Neftçi” yeni tarixi dönəminə qədəm qoydu…
Bəxtiyar Musayev seleksiyaçı məşqçi kimi fitri istedada malikdir. Başqalarının görməyə çətinlik çəkdiyi keyfiyyətləri futbolçularda öncədən sezə bilir. Bu işlərdə ona dəstək veriləndə, şərait yaradılanda, başa düşüləndə, fantastik işbirliyi ortaya qoymaq olur…
Bəxtiyar Musayev insanları da çox gözəl tanıyır.
Özünə hörmət edən, böyük-kiçik yeri bilən, mədəniyyətini qoruyan mərd insandır. Bu gün, qeyd olunan və olunmayanların üzərinə müdriklik də əlavə edilir. Azərbaycan futbolu Bəxtiyar müəllimin bacarığından lazımı qaydada yararlanmağı bacarmalıdır…
Müdriklik dönəmin mübarək olsun – Bəxtiyar!
TAHİR SÜLEYMANOV