“Beşiktaş” klubunun keçmiş vitse-prezidenti Serhan Çetinsaya Serxio Ramosla gedən danışıqların təfərrüatını açıqlayıb: “Ramosun transferini həll etmək üçün çox çalışdıq. Aramızda razılıq da var idi. Lakin təəssüf ki, keçid baş tutmadı. Bir “Beşiktaş” azarkeşi olaraq bunun reallaşmasını çox istəyirdim. 18-19 gün danışıqlarımız oldu. Əsas mövzu pul deyildi. Ramosun əlində 27 milyon avroluq təklif də var idi. Lakin o heç həmin təklifi nəzərdən keçirmirdi”.
Keçmiş vitse-prezident danışıqlarda Qutidən də istifadə etdiklərini söyləyib: “Bizim adımızdan Ramosla Quti danışırdı. Çox gözəl münasibət qurmaq bacarığına malikdir. Avqustun 21-də bizə təbrik də göndərdi. Ramosun keçidə razılıq verdiyini söylədi. Agentə veriləcək bonus da razılaşdırılmışdı. Öz hüquqşünasları tərəfindən hər bir şeyin hazır edilməsinə əmr verildiyi də məlum idi. Kiçik detalları tam razılaşdırmaq, müqaviləni imzalamaq və Ramosu Türkiyəyə aparmaq üçün bizi Madridə dəvət etmişdilər. Hətta Ramosun 25 qoldan çox vurduqda nə qədər qazanacağı da müzakirə olunurdu. Çünki Serxio 25 qol vuracağından əmin idi. Bunun üçün o, böyük bonus tələb edirdi”.
İstefaya getmiş Serhan Çetinsaya digər klublarla ciddi rəqabətdən də danışıb: “Serxio Ramos uğrunda 6 klub mübarizə aparırdı. Onların arasında “Qalatasaray” da var idi. Danışıqlara başlayarkən Serxio Çempionlar Liqasında oynamayan kluba getmək istəmədiyini bildirmişdi. Lakin biz onu fikrindən yayındıra bildik. Ramos 2 illik müqavilə tələb etdiyi halda biz onunla 1+1 şəklində müqavilənin razılığını almışdıq. İlk ilin sonunda birtərəfli qaydada sözləşməni pozmaq hüququna da malik idik. Bizim Ramosa vədimiz 4 milyon məvacib, imza üçün 1 milyon bonus idi. Bundan əlavə o, sponsordan reklama görə 6 milyon almalıydı. Sponsor tapa bilməyəcəyimizdən qorxan prezident bunun təhlükəli olduğunu güman etdi və biz də transferdən vaz keçdik”.
Xatırladaq ki, ulduz müdafiəçi bir neçə gün əvvəl “”Sevilya ilə müqavilə imzalayıb.